Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Peyğəmbərimiz (s) vəfatını səhabələrə xəbər vermişdi

Peyğəmbərimiz hz.Muhəmmədin (s) qeyblə bağlı verdiyi xəbərlərin hər biri zaman ötdükcə gerçəyə çevrilmiş və öz təsdiqini tapmışdır. Həqiqətə çevrilən hər qeyb xəbəri bu mübarək insanın bir möcüzəsidir. Bu xəbərlərdən biri də Peyğəmbərimizin (s) öz vəfatını xəbər verməsidir. Peyğəmbərimiz (s) hədislərində səhabələr arasından əvvəlcə özünün vəfat edəcəyini xəbər vermişdir.


Allah Rəsulu (s) bizə baxıb belə dedi:
"Ən axırda mənim öləcəyimi iddia edirsiniz. Diqqət edin! Mən hamınızdan əvvəl öləcəyəm. Siz məndən sonra öləcəksiniz. Həm də bir-birinizi öldürərək camaatlar halında məni izləyəcəksiniz".
Peyğəmbərimiz (s) bir gün birinə ölüyə dua edirmiş kimi dua etdi. Sonra dönüb minbərə çıxdı və belə buyurdu:
- "Şübhəsiz -axirətə- sizdən əvvəl gedəcəyəm. Mən sizə şahidlik edəcəyəm. Vallahi, hazırda hovuzumu sanki görürəm. Yer üzünün bütün açarları mənə verildi. Vallahi, məndən sonra yolunuzu azıb şirkə düşməyinizdən qorxmuram -çünki azmazsınız! Amma -dünya malı üçün- bir-birinizlə yarışmağınızdan qorxuram!"


Peyğəmbərimiz (s) başqa hədislərində ona vəfat edəcəyinin vəhy olunduğunu bildirmişdir:
"Allah Rəsulu (s) gecə vaxtı məni oyadıb belə buyurdu: "Ey Əbi Müveyhibə! Baqi əhli üçün Allahdan bağışlanmalarını istəmək əmri aldım". Bundan sonra onunla birlikdə çıxdım. Baqi qəbristanlığına getdik. Orada əllərini qaldırıb qəbir əhlinin bağışlanmasını istədi. Sonra belə buyurdu: "Sizin yaşadıqlarınız sonrakılarla müqayisədə çox yüngüldür. Fitnələr onlara qaranlıq gecənin hissələri kimi gələcək. Axırı əvvəlindən daha pis olacaq. Ey Əbu Müveyhibə, mənə yer üzünün xəzinələri və orada əbədi qalmaq imkanı verildi. Sonra da cənnət verildi. Bunlarla Allaha qovuşmaq arasında seçim etmək üçün sərbəst buraxıldım. Mən də Allaha qovuşmağı üstün tutdum". Sonra oradan ayrıldı".
Peyğəmbərimiz (s) özünün vəfatı ilə bağlı bir çox səhih və müfəssəl xəbərlər verib. Bu hədislərin hər birinin Peyğəmbərimizin (s) söylədiyi şəkildə də həyata keçməsi Allahın böyük bir möcüzəsidir. Bu vəziyyət möminlərin də imanını dəfələrlə artırmış, Allahın izni ilə onların imanda daha da zənginləşib dərinləşməsinə səbəb olmuşdur. Hədislərdə Peyğəmbərimiz (s) hansı gün vəfat edəcəyini də xəbər vermişdir:
"...Mən bazar ertəsi günü anadan oldum. Vəhy bazar ertəsi günü gəldi. Bazar ertəsi günü hicrət etdim və eyni gündə də öləcəyəm".
İbni Hənbəl və Beyhaqi İbni Abbasdan nəql edərək belə söyləmişdir:
"Peyğəmbərimiz (s) bazar ertəsi günü anadan oldu. Bazar ertəsi günü peyğəmbər oldu. Məkkədən mühacir kimi bazar ertəsi günü çıxdı.

 

 Mədinəyə bazar ertəsi günü daxil oldu, Məkkə bazar ertəsi günü fəth edildi və bazar ertəsi günü vəfat etdi".
Peyğəmbərimiz (s) bəzi hədislərində də vəfat edəcəyi yeri bildirib:
"Hicrət edəcəyim yer -öldüyüm zaman basdırılıb- yatacağım yer Mədinədir".
"Mədinə hicrət edəcəyim yerdir. Orada öləcəyəm və orada diriləcəyəm".
Peyğəmbərimizin (s) bildirdiklərinin olduğu kimi də gerçəkləşməsi Allahın böyük bir möcüzəsidir.

Geri