Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Peyğəmbərimizin (s) ümmi olmasındakı möcüzələr

Peyğəmbərimiz Hz.Muhəmməd (s) Tövratda və İncildə də gələcəyi bildirilən ümmi peyğəmbərdir. Allah Peyğəmbərimizə (s) Quranı vəhy edəndə o, oxumağı və yazmağı bilmirdi, yəni ümmi idi. Hz.Muhəmmədin (s) bu xüsusiyyəti onun peyğəmbərliyinin ən mühüm dəlillərindən biridir.


İman gətirməyənlər Peyğəmbərimizin (s) ümmiliyini bildikləri halda ona göndərilən Quranı qəbul etməmiş və haqq kitabı onun yazdığını söyləyərək böhtan atmışdılar. Halbuki iman gətirməyənlər Peyğəmbərimizi (s) ona elçilik vəzifəsi verilməmişdən əvvəl də tanıyır və onun belə bir elmə malik olmadığını çox yaxşı bilirdilər. Həmçinin Allah: "Sənə də beləcə əmrimizdən olan bir vəhy göndərdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən düz yola yönəldirsən" ("Şura" surəsi, 52) ayəsi ilə bu həqiqəti xəbər vermişdir. Başqa bir ayədə isə belə buyurulur:


"...Allah sənə Kitabı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!" ("Nisa" surəsi, 113).


Peyğəmbərimiz (s) Quran ayələrini insanlara "Allahdan aldığı vəhylə" bildirmişdir. O, təbliğlərində bu həqiqəti dilə gətirmiş və onlara peyğəmbərlikdən əvvəlki həyatına illərlə şahidlik etdiklərini xatırlatmışdır:


"De: "Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım və Allah da onu sizə bildirməzdi. Mən ondan qabaq sizin aranızda ömür sürmüşəm. Məgər dərk etmirsinizmi?"" ("Yunis" surəsi, 16).


Peyğəmbərimizin (s) ümmi olmasına baxmayaraq o, dini ən mükəmməl şəkildə təbliğ etmiş, Tövratın və İncilin elminə də vaqif olmuşdur. Uca Allahın Quranı vəhy etməsi ilə digər müqəddəs kitablardan və keçmiş xalqların vəziyyətlərindən də xəbər vermişdir.
Peyğəmbərimizin (s) həyatı boyunca xeyli möcüzəvi hadisələr olmuşdur. İmam Qəzzali onun ümmi olması ilə bağlı möcüzəvi dəlillərdən belə bəhs etmişdir:


"Məktəb və mədrəsə təhsili almadığı, hər hansı bir elmə yiyələnmədiyi və elmlə heç bir əlaqəsinin olmadığı, kitab mütaliə etmədiyi, elm əldə etmək üçün heç bir səyahətə çıxmadığı, yetim, zəif sayıldığı və cahil ərəblərin arasında olduğu halda Uca Allah bütün bunları ona bəxş etdi. Onun vəziyyəti belə olarkən, onun üçün əxlaqların ən gözəlləri, ədəblərin ən ucaları, məsələn, (əgər peyğəmbər olmasa...) təkcə fiqh elmi (İslam hüququ) ona necə verildi? Bəli, -başqa elmlər istisna olmaqla- təkcə fiqh elminin faydalarının bilinməsi mədrəsəsiz və məktəbsiz, elmlə məşğul olmadan və alimlərlə görüşmədən əldə edilə bilməz. Əgər ilahi bir yardım olmasa, bu, haradan gəlir?
Həmçinin Allahla bağlı məlumatları, Allahın mələkləri haqqındakı bilgiləri, kitabları və peyğəmbərliyin digər xüsusiyyətləri haqqında xəbərlər əgər vəhy olmasa, haradan öyrənə bilər? Bəşərin (insanın) qüdrəti bunları özbaşına necə əldə edə bilər? Hz.Muhəmmədin (s) əlamət və möcüzələrinin elələri meydana gəlib ki, heç bir alim həmin meydana gələn möcüzənin möcüzəliyinə şəkk-şübhə etməz".


Peyğəmbərimizin (s) ümmi olması onun peyğəmbərliyinin ən böyük dəlillərindəndir. Kitab əhlinin qəti olaraq bildiyi kimi, Tövratda və İncildə gələcəyi vəd edilən elçi oxumağı və yazmağı bilmirdi. Ancaq iman gətirməyənlər Peyğəmbərimizin (s) Quranı özünün yazdığı yalanını iddia edirdilər. Halbuki əsl yalan danışanın iman gətirməyənlər və müşriklər olduğu məlum məsələdir. Düz danışmayan bir adamın sözlərində əlbəttə ki, bir ziddiyyət olacaqdır. Bir-birinə uyğun gəlməyən tarixlər və izah formaları, danışığında əlbəttə ki, ortaya çıxacaqdı. Peyğəmbərimiz (s) isə yaşadığı cəmiyyətdə ən dürüst, ən gözəl danışan, ən hikmətli sözə malik olan, ən mədəni, ən mötədil, ən mülayim və ən bilikli insan idi. O, ağlı və fərasəti ilə hər insanın heyranlığını və etibarını qazanacaq qədər üstün bir insandır.


Peyğəmbərimiz (s) Tövratı və İncili oxumadığı halda, bu kitablardakı hökmləri, orada haqqında bəhs edilənləri bilirdi. Keçmiş xalqların tarixinə də vaqif idi. Əlbəttə, bu, Allahın vəhyinin xaricində qətiyyən mümkün ola bilməyəcək bir vəziyyət idi. Onu tanıyanların hamısı bunu bilirdilər. Peyğəmbərimizin (s) əvvəllər heç bir məktəbdə təhsil almamasına baxmayaraq onun malik olduğu elm və biliklər bu böyük insanın möcüzəvi xüsusiyyətlərindən ancaq biridir. Allah "Ənkəbut" surəsində belə buyurur:


"Sən bundan əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar şəkk-şübhəyə düşərdilər" ("Ənkəbut" surəsi, 48).


Məşhur təfsirlərdən biri olan "Cəlaleyn" təfsirində bu ayə belə izah edilmişdir:


"Sən bundan, yəni Qurandan əvvəl kitab oxuyan deyildin. Onu əlinlə də yazmadın. Belə olsaydı, yəni oxumağı-yazmağı bacarsaydın, batili müdafiə edənlər sənin haqqında şübhəyə düşər və zənnə qapılardılar. Və "Tövratda haqqında bizə bəhs edilən Peyğəmbər ümmi olmalıdır, oxumağı-yazmağı da bilməməlidir" deyərdilər".


Ancaq hər şey bu qədər açıq olduğu halda iman gətirməyənlər Peyğəmbərimizə (s) hücum etmək üçün ona hər cür böhtanlar atmışdılar. Peyğəmbərimizin (s) onlar kimi bir bəşər olduğunu iddia edərək onu düz danışmamaqda günahlandırmışdılar:


"Qəlbləri qəflət içində olaraq ona qulaq asmasınlar. Zalımlar öz aralarında gizli pıçıldadılar: "Bu, sizin kimi ancaq adi bir insandır. Gözünüz görə-görə sehrəmi uyursunuz?" - dedilər. Belə dedi: "Rəbbim göydə və yerdə hər sözü bilir. O, eşidəndir, biləndir!" Onlar belə dedilər: "Xeyr, bunlar qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir..."" ("Ənbiya" surəsi, 3-5).


Peyğəmbərimiz (s) Allahdan kömək diləyən, Ondan hidayət tələb edən, Ondan bağışlanmağını istəyən, Onun əmrini yerinə yetirən bir insandır. Həmçinin özü də bu həqiqəti təbliğlərində açıq-aşkar qeyd etmişdir. Allah Quranda belə buyurur:


"Onlara ayələrimiz açıq-aydın oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: "Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir!" - deyərlər. Onlara de: "Mən onu özbaşına dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram"" ("Yunus" surəsi, 15).


"Sirət" ensiklopediyasında Allahın hz.Muhəmmədə (s) verdiyi böyük elmin onun elçiliyinə necə dəlil olmasından belə bəhs edilir:
"Hz.Muhəmməd (s) ümmi bir peyğəmbər idi. Oxumağı və yazmağı bacarmırdı. Aralarında doğulub böyüdüyü ailə üzvləri, yaxınları və məkkəlilər bütün həyatı boyunca nə bir kitaba əl uzatdığını, nə də əlinə qələm götürdüyünü görmüşdülər. Məsələ bu cür olduğu halda ona vəhy edilən Quran özlüyündə ayrı bir möcüzədir. Çünki bu kitabda keçmişdəki bütün ilahi kitabların əsas mövzuları, keçmiş peyğəmbərlərin hekayətləri, dinlər və bunların gətirdiyi inanclar, qədim tarix, mədəniyyət və kültür, iqtisadiyyat, siyasət və əxlaq məsələlərində bilik xəzinələri vardı. Halbuki Hz.Muhəmməd (s) bunlardan tamamilə xəbərsiz idi. Onun ümmi olmasına baxmayaraq belə bir Kitabla iman gətirməyənlərin qarşısına çıxması peyğəmbərliyinin ən böyük dəlili idi..."

Geri