Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Yəhudi alimlərinin Peyğəmbərimizi (s) tanımaları

Quranda kitab əhli kimi təqdim edilən yəhudilər və xristianlar təhrif edilərək dəyişdirilmiş bəzi inanclara və əməllərə malik olmaqla yanaşı, Allah dərgahından göndərilən haqq dinə tabe olan insanlardır. Allah Quranın başqa ilahi kitabları təsdiq edən axırıncı haqq kitab kimi göndərildiyini bildirmişdir:


"Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq Məndən qorxun!" ("Bəqərə" surəsi, 41).


Quranın başqa ayələrində isə İsrail oğullarından bəzi məlumatlı və elmli insanların Quranı bildikləri xəbər verilmişdir:


"Həqiqətən, o Quran əvvəlkilərin kitablarında da mövcuddur. Məgər İsrail övladı alimlərinin bunu bilmələri onlar üçün bir dəlil deyilmi?" ("Şuəra" surəsi, 196-197).


Məşhur təfsirçi alimlərdən İmam Səid Həvva "əl-Əsas fit-Təfsiri"ndə "Şuəra" surəsinin bu ayələrini belə izah etmişdir:
"Həqiqətən, o Qurani-Kərim əvvəlkilərin kitablarında mövcuddur". Yəni əvvəlki kitablarda ondan bəhs edilir və ya onun özündə ehtiva etdiyi mənalar əvvəlki xalqların peyğəmbərlərindən nəql etdiklərində və Uca Allahın əsas kitablarında da vardır. İlahi kitablarda olduğu kimi... Yaxud Uca Allahın mənalarını vəhy şəklində bildirib ilahi bir kitab kimi deyil, Allahdan gələn bir vəhy olaraq yazılan kitablarda da bu mənalara yer verilir.


...İsrail oğullarının insaflı və ədalətli alimləri bu Qurani-Kərimin içində Tövratın, Zəburun və İncilin yer aldığını, orada olan hər bir məsələnin Allahdan gələn bir haqq olduğunu, əvvəlki kitabların müjdələdiyi kitabın və son peyğəmbərin olduğunu bilirlər".
Tövratda gələcəyi bildirilən ümmi peyğəmbərin xüsusiyyətlərini bilən yəhudi alimləri və onlarla yanaşı, xristianlar arasında bu açıq həqiqəti qəbul etməmək məsələsində israr edənlər nə qədər olsa da- Hz.Muhəmmədi (s) dərhal tanımışdılar. Quranda da kitab əhlinin Peyğəmbərimizi (s) uşaqlarını tanıdıqları kimi tanıyacaqları, aralarından bəzilərinin buna baxmayaraq inkar edəcəkləri və ona inanmayanların rəzil-rüsvay olacaqları bildirilir:


"Kitab verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Buna baxmayaraq onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir" ("Bəqərə" surəsi, 146).

 


"Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!" ("Ənam" surəsi, 20).


Allah "Bəqərə" surəsində İsrail oğullarına xəbərdarlıq edərək, onlara Qurana iman gətirmələrini, haqq olanı bildikləri halda bu həqiqəti gizlətməmələrini əmr etmişdir:


"Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə olan əhdə vəfa edim. Yalnız Məndən qorxun! Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq Məndən qorxun! Siz bilə-bilə haqqa yalan donu geyindirib onu gizlətməyin!" ("Bəqərə" surəsi, 40-42).


İsrail oğullarına verilən nemətlərdən və onların Allaha verdikləri əhdlərdən ümmi olan Peyğəmbərimizin (s) xəbərinin olması şübhəsiz ki, Rəbbimizin ona bunları bildirməsi ilə mümkündür. Hz.Muhəmməd (s) bu ayələri onlara oxuyanda yəhudi alimləri də Peyğəmbərimizin (s) gələcəyi gözlənən müqəddəs elçi olduğunu görmüşdülər. Peyğəmbərimizin (s) Allahın peyğəmbəri olduğuna və düz danışdığına kitab əhli olanlar da şahid olmuşdular. O, hər xüsusiyyəti ilə, yaşantısı və əxlaqı ilə Allahın Tövrat və İncildə də gələcəyini xəbər verdiyi müqəddəs elçisidir. Qurani-Kərimin bir ayəsində belə buyurulur:


"O kəslər ki, əllərindəki Tövratda və İncildə yazılmış gördükləri rəsula - ümmi peyğəmbərə tabe olurlar. O, onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, murdar şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və onunla endirilmiş nurun ardınca gedənlər - məhz onlar nicat tapanlardır!"" ("Əraf" surəsi, 157).


Məşhur İslam alimlərindən biri olan Ömər Nasuhi Bilmən bu ayəni belə təfsir etmişdir:
"Bu ayə dünyada və axirətdə də gözəlliklərə, savablara nail olacaq insanların ən gözəl xüsusiyyətlərə malik peyğəmbərlərin sonuncusu olan Peyğəmbərimizə tabe olan şəxslərdən ibarət olduğunu belə bildirir: "O kəslər ki, ilahi vəhylə kitab verilən, oxumağı-yazmağı bacarmadığı halda özündən əvvəlkilərin və sonra gələcəklərin elminə bələd olan Hz.Muhəmmədin (s) ümmətindən olmaq şərəfini əldə edirlər. Həmin peyğəmbəri yanlarında mövcud olan Tövratda və İncildə adları, xüsusiyyətləri ilə yazıldığını görürlər. Onun kitablarda yazılan şəxs olduğuna qətiyyən şübhə ilə yanaşmazlar. Əgər həmin kitablarda bunlar yazılmasaydı, Həzrəti Muhəmməd (s) bunu iddia edərək onun təkzib edilməsinə imkan verərdimi? O, elə bir Peyğəmbərdir (s) ki, imana dəvət etdiyi tayfalara, bütün bəşərə Allahın əmrlərinə hörmət edilməsini, gözəl etiqad və əxlaqa yiyələnməyi, məxluqata şəfqət göstərilməsini əmr və tövsiyə edərək onları mənfiliklərdən çəkindirir".


Göründüyü kimi, Peyğəmbərimizin (s) gələcəyinin və xüsusiyyətlərinin kitab əhli olanların kitablarında bildirilməsi də aləmlərə üstün olan mübarək bir şəxsin başqa möcüzələridir. Gördüklərini vicdanları ilə dəyərləndirən vicdanlı, iman sahibi olan kitab əhli isə bu açıq həqiqəti təsdiq etmişdir.

Geri