Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Peyğəmbərimizin (s.\.v.) ali şəxsiyyəti Allahin bir möcüzəsidir

Peyğəmbərimiz Hz.Muhəmməd (s) Rəbbimizin yanında şərəfli və böyük məqamı olan mübarək bir insandır. Allahın aləmlərdən üstün tutaraq ona itaət edilməsi üçün göndərdiyi Peyğəmbərimiz (s) insanların ən etibarlısı, dürüstlük nümunəsi olub, çox üstün bir əxlaqın sahibidir. O, öz təqvası, üstün əxlaqı, gözəl xüsusiyyəti ilə Allahın bütün insanlara nümunə göstərdiyi müqəddəs elçisidir. İnsanların mürşidi və yolgöstərənidir. O, həyatı boyunca öz şəfqəti, nəzakəti, incə düşüncəsi, anlayışlı, təvəkküllü, qərarlı və səbirli davranışı ilə bütün müsəlmanlara yol göstərmişdir. Peyğəmbərimiz (s) özündən sonrakı bütün müsəlman aləminə nümunə olan çox xeyirli bir insandır.
Hz.Əlinin nəvələrindən İbrahim ibn Muhəmməd Peyğəmbərimiz (s) haqqında bunları söyləmişdir:


“Babam Hz.Əli Peyğəmbərimizdən (s) bəhs edərkən Onu belə xarakterizə edərdi:


...O, insanların ən comərd könüllüsu, ən düzdanışanı, ən mülayim əxlaqlısı və ən dostcanlısı idi. Onu qəfildən görənlər heybəti qarşısında çox həyəcanlanırdılar, üstün xüsusiyyətlərini bilərək söhbət edənlər isə Onu hər şeydən çox sevirdilər. Onun üstün cəhətlərini və gözəlliklərini təsvir etməyə çalışan adam “Mən ondan əvvəl də, ondan sonra da onun kimi bir adam görmədim” deyərək Onu tanıtmaq məsələsində söz tapa bilmədiyini etiraf edərdi. Ona Allahın salah (Peyğəmbərimizə (s) edilən dua, istiğfar, rəhmət, namaz) və salamı olsun”.


Peyğəmbərimiz (s) yaşadığı cəmiyyətin arasında “əl-əmin” (etibarlı, güvənilən) ləqəbi ilə məşhurlaşmışdı və onun dürüstlüyü və etibarlı olması məsələsində hamı həmfikir idi. Əslində Peyğəmbərimizin (s) üzü hər görən adamın onun dürüstlüyünə dair qəti qənaət yaradacağı qədər nurlu idi. Vicdanının səsinə qulaq asaraq onunla söhbət edən, onun söhbətlərində iştirak edən kim olursa olsun, ondakı xariqüladəliyi başa düşür, peyğəmbərliyi ilə bağlı çox aydın dəlil görürdü. Ağlı, fərasəti, malik olduğu yüksək xarakteri qövmündəki müşriklərin də öz aralarındakı məsələləri həll etmək üçün ona müraciət etmələrinə səbəb olurdu.


Səhabələrin həmişə şahidi olduqları Peyğəmbərimizin (s) üstün əxlaq və məziyyətləri haqqında İbni Sad İbni Əsakir Davud ibn Husayndan bu məlumatları nəql etmişdir:


“Allah Rəsulu xalqı arasında dürüstlük baxımından ən üstün, əxlaq cəhətdən ən gözəl, sosiallıq yönündən ən mükəmməl, qonşuluq baxımından ən comərd, yumşaqlıq və əmanətə sədaqət yönündən ən qabaqcıl, ən doğru danışan, həyaya və tərbiyəyə ən çox əhəmiyyət verən insan kimi yetişmişdi. Hamı ilə çox yaxşı rəftar edirdi. Buna görə də ona “əl-Əmin = Çox doğru və etibarlı” demişdilər”.


İbni Sad Rabi b. Hasyemdən də belə söyləmişdir:
“İslamdan əvvəlki cahiliyyə dövründə hamı öz problemlərini həll etmək üçün Allah Rəsuluna müraciət edərdi”.


Yaqub ibn Süfyan və Beyhaqi İbni Şihabdan bunları bildirmişlər:
Qureyşlilər Kəbəni təkrar tikəndə Hacəri-Əsvədi yerinə qoymaq məsələsində ixtilaf yarandı. Hər qəbilə özü bu daşı yerinə qoymaq istəyirdi. Sonra belə qərara gəldilər ki, bu yoldan kim birinci keçsə, onu aramızda hakim təyin edək. Birinci gələn adam həmin vaxtlar hələ gənc olan Hz.Muhəmməd (s) oldu. Peyğəmbərimizin (s) əxlaqından və həyatından bəhs edən mötəbər mənbələrə görə, onda onun 35 yaşı vardı. Onu hakim təyin etdilər. O da “Bir parça gətirin” dedi. Parça gətirildi. “İndi daşı birlikdə ora qoyun”. Daş parçanın üzərinə qoyulanda “İndi hər qəbilənin böyüyü gəlsin və hərə parçanın bir tərəfindən tutsun”, - dedi. Bundan sonra hər qəbilədən bir nəfər gəlib parçanın uclarından tutdular. Daşı bu şəkildə də yerinə qoydular. O da yuxarı çıxıb onlardan aldığı daşı yerinə yerləşdirdi. Böyüdükcə hər kəsin sevgisini və hörmətini qazandı. Dürüstlüyü ilə də tanındığı üçün ona “əl-Əmin = çox etibarlı şəxs” adını qoydular. Bunlar hələ ona vəhy gəlməmişdən əvvəl idi”.


Peyğəmbərimiz (s) həyatı boyunca insanlara yolgöstərən olmuş, səhabələri maarifləndirmiş, müşriklərlə də davamlı danışaraq onları düz yola istiqamətləndirmək üçün çalışmışdır. Səhra şəraitində yaşayan cahil insanlar Peyğəmbərimizin (s) təlimi nəticəsində imanın nuru ilə parlayan, gözəl əxlaqlı insanlara çevrilmişdilər. Bu, böyük bir möcüzədir. Peyğəmbərimizin (s) yüksək  əxlaqı ilə yanaşı, həyatında da bu cür bir çox möcüzəvi xüsusiyyətlər öz əksini tapmışdır. Bu möcüzələrə həm səhabələr, həm də iman gətirməyənlər arasından bir çox insanlar şahid olub. Peyğəmbərimizin (s) biri digərindən əhəmiyyətli olan möcüzələri vicdan sahibi olan bütün insanlar üçün haqq dəlil xüsusiyyətindədir, iman və hidayət vəsiləsidir.


23 il aktiv mübarizə aparmasına, çətin müharibələrdə iştirakına, qarşısında küfrün ən azğın, qəddar insanlarının durmasına və həmişə ön cərgələrdə mücadiləsinə baxmayaraq onun xətasız ötüşməsi və öldürülə bilməməsi də Peyğəmbərimizin (s) möcüzələrindəndir. Çox igid bir insan olan Peyğəmbərimizin (s) fövqəladə qətiyyəti də onunla birlikdə olan hər bir müsəlmanın şövqünü artırmışdır. Düşmənlərinin ürəklərinə Allahın qorxu salması və hər məsələdə onu iman gətirməyənlərə qarşı qalib etməsi də Peyğəmbərimizin (s) möcüzələrindəndir. Allahın döyüşlərdə mələkləri və görünməz orduları ilə ona köməkliyi nəticəsində Hz.Muhəmməd (s) onun ordusundan sayca daha çox və güclü olan düşmən ordularını darmadağın etmişdir. Bu möcüzəvi məsələ ayələrdə belə xəbər verilir:


“Bəli, əgər səbir edib qorxsanız, onlar qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər. Allah bunu sizin üçün məhz müjdə və qəlbləriniz rahat olsun deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır” (“Ali-İmran” surəsi, 125-126).


Peyğəmbərimiz (s) İslam dinini ən mükəmməl tərzdə təbliğ etmiş və bu məsələdə çox qətiyyətli olmuşdur. Böyük əziyyətlərə məruz qalmasına, din əxlaqını yaymaqdan əl çəkməsinin əvəzində ona çox gözəl imkanlar təklif edilməsinə baxmayaraq, bütün təklifləri rədd etmişdir. Allahın razılığını, İslamın və müsəlmanların mənfəətini həmişə qətiyyətlə üstün tutmuşdur. Ən çətin anlarda da Allahın köməyinə nail olacağına ümid etmiş, Allahın onu və möminləri həmişə qalib edəcəyinə inanmışdır. Hər zaman Allahın himayəsində olub, iman gətirməyənlərin azğınlıqlarına və təcavüzkarlığına baxmayaraq heç bir ziyana məruz qalmadan yaşamışdır. Allah Peyğəmbərimiz Hz.Muhəmmədin (s) fəzilətlərini Quranda insanlara belə bildirir:


“Həqiqətən, səni tükənmək bilməyən mükafat gözləyir! Doğrudan da sən böyük bir əxlaq üzərindəsən!” (“Qələm” surəsi, 3-4).

 


“Bu Quran çox möhtərəm olan bir elçinin Allahdan gətirdiyi kəlamdır. Bu elçi çox qüvvətlidir; ərşin sahibi yanında çox hörmətlidir. İtaət ediləndir, həm də etibarlı müvəkkildir.  Həqiqətən, sizin dostunuz divanə deyildir! And olsun ki, (peyğəmbər) onu açıq ən uca üfüqdə görmüşdü. O, qeyb xəbərləri barəsində xəsis deyildir” (“Təkvir” surəsi, 19-24).


Böyük İslam alimi İmam Qəzzali Peyğəmbərimizin (s) yüksək əxlaqını Tirmizi, Təbərani, Buxari, Müslim, İmam Əhməd, Əbu Davud, İbni Macə kimi böyük hədis alimlərindən topladığı məlumatlarla belə təsvir etmişdir:


“Rəsulullah insanların ən mülayim əxlaqlısı, ən igidi, ən ədalətlisi və namuslu olanı idi. O, insanların ən comərdi idi. Allahın ona verdiklərindən xurma, arpa, nə olursa-olsun yalnız illik ruzisini ayırırdı, yerdə qalanını isə Allah yolunda xərcləyərdi. Ondan bir şey istəyəndə verərdi.


O, həya baxımından da insanların ən mükəmməli idi. Rəbbi üçün hirslənər, özü üçün əsəbiləşməzdi. Özü və ya səhabələri bundan  zərər görsə də yalnız haqqı tətbiq edərdi.


Allah Rəsulu insanların ən təvazökarı, ən aydın, natiq, səlis və rəvan danışanı, ən gülərüzlüsü idi. Dünya işlərindən heç bir şey onu təşvişə salmazdı.


Mədinənin  o biri tərəfində də olsa, xəstələrə baş çəkər, gözəl ətirdən xoşu gələrdi. Kasıblarla oturub-durar, yoxsullarla yemək yeyərdi. Hamı ilə nəzakətlə danışardı. Ondan üzr istəyənin üzrünü qəbul edərdi. Yeri gələndə zarafat edər, amma haqqı danışardı.
Halal oyunları görəndə onları qadağan etməzdi, hətta həyat yoldaşları ilə yarışardı. İmkansızlara yoxsul olduqları üçün xor baxmaz, imkanlılara da varlı olduqları üçün hörmət etməzdi, onu da, bunu da bərabər tutardı. Uca Allah onda üstün əxlaqı və mükəmməl siyasəti birləşdirmişdi...


Allah-Təala əxlaqın bütün gözəlliklərini, yaxşı yolları, əvvəlkilərin və sonrakıların başlarına gəlmiş və gələcək hadisələrin xəbərlərini, axirətdə qurtuluşa və səadətə çatdıracaq məsələləri, dünyada qibtə edilib ardınca gediləcək və gedilməyəcək hər şeyi ona öyrətmişdi.

Allah-Təala bizləri Onun buyruqlarına itaətdə və hərəkətlərində onun yolu ilə getməyə müvəffəq etsin”.

Geri