Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Peyğəmbərimizə (s) vəhy gələn zaman şahid olunanlar

Allah "Muzzəmmil" surəsində Peyğəmbərimizə (s) gecə durub vəhy üçün hazırlaşmasını buyurmuş, vəhyin nə qədər ağır bir söz olduğunu xəbər vermişdir:


"Ey libasına bürünmüş! Gecəni - az bir hissəsi istisna olmaqla - qalxıb namaz qıl! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az. Və ya bir qədər ondan çox! Həm də aramla Quran oxu! Həqiqətən, Biz sənə ağır bir kəlam vəhy edəcəyik. Şübhəsiz ki, gecə (ibadətə) qalxmaq daha əlverişli və söz demək daha münasibdir!Çünki gündüz sənin uzun-uzadı davam edən işlərin vardır. Rəbbinin adını zikr et və Ona tərəf yönəl" ("Muzzəmmil" surəsi, 1-8).


Hədislərdə də Peyğəmbərimiz (s) Allahdan vəhy almaq kimi fövqəladə bir hadisəni yaşayarkən onun olduğu otaqda xariqüladə mənəvi hadisələrin baş verdiyi bildirilir. Bəzi hədislərdə Peyğəmbərimizə (s) vəhy gələndə ətrafındakıların arı uğultusuna bənzər bir səs eşitdikləri bildirilir. Bəzi mənbələrdə isə Peyğəmbərimizin (s) sifətinin yanında arı uğultusu kimi səs eşidildiyi xəbər verilir.4 Buxari və Müslim Hz.Aişədən (r.a.) bu hədisi rəvayət ediblər:


"əl-Haris ibn Hişam Rəsulullahdan (s): "Vəhy necə gəlir?", - deyə soruşdu. Belə cavab verdi: "Bəzən zəng səsi kimi mənə çox ağır şəkildə gəlib dediklərini qavrayanda məndən ayrılır. Bəzən insan surətində gəlir, mənimlə danışır və mən də onun dediklərini əzbərləyib qavrayıram".


Buxari və Tirmizi Peyğəmbərimizin (s) xanımından bunu da nəql edirlər:


"And olsun ki, Onu belə görmüşdüm: Çox soyuq bir gündə vəhy gəlmişdi. Mələk yanından ayrılanda alnından sel kimi tər axırdı".
Tabərani isə Zeyd ibn Sabitdən (r.a.) bunu bildirir:
"Mən Allah Rəsuluna gələn vəhyləri yazırdım. Ona vəhy gələndə ağır yorğunluq hiss edər və bədənindən inci dənəsi kimi tərlər çıxardı. Vəhy vəziyyəti qurtaranda O oxuyar, mən də yazardım".
Əbu Nuaym isə əl-Fəltan ibn Asımdan bunu nəql edir:
"Allah Rəsuluna (s) vəhy gələndə gözləri açıq, qulağı və qəlbi Allah tərəfindən gələn (ayələrdə) olardı".
Əbu Nuaym Əbu Hureyrədən (r.a.) bunu nəql edir:
"Allah Rəsuluna (s) vəhy gələndə o, özündən keçən adam kimi olurdu".

Geri