Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Quranda hər şey açıqlanmışdır

Allah Quranda doğru olanlarla səhvləri, haram və halalları çox açıq şəkildə bildirmişdir. Buna görə də vicdanlarının səsinə qulaq asıb, nəfslərinin eqoist arzularından uzaq dayanan, Allahın hökmlərini tətbiq etməkdə qətiyyət göstərən hidayət əhli olan adamlar üçün doğrunu tapmaq çox asandır. Quran hər yaşdan, hər təhsil səviyyəsindən olanlar tərəfindən asanlıqla başa düşülən, nəsihətləri dərk edilən hikmətlə dolu bir kitabdır. Quranın özündə ehtiva etdiyi hökmlər və ayələrdə tövsiyə edilən gözəl əxlaq çox aydın, başadüşülən və asandır. Allahın hidayət verdiyi, səmimi niyyətli hər bir adam Quranı asanlıqla başa düşə və başa düşdüklərini özünün bütün davranış və düşüncələrində ən gözəl şəkildə tətbiq edə bilər.  Allah Quranın bu xüsusiyyətini "Bəqərə" surəsində "...insanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran..." ("Bəqərə" surəsi, 185) ayəsi ilə bildirir. Yalnız təkcə Allahdan qorxub çəkinənlər, Ona könüldən təslim olanlar, axirət həyatını dünya həyatından üstün tutanlar Qurandan nəsihət alıb düşünərlər. Allah başqa ayələrdə də belə buyurur:

 

"Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Biz onu qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik" ("Taha" surəsi, 2-3).Bu məsələ eyni zamanda Quranın mühüm bir sirridir. Quranı başa düşmək üçün üstün bir zəkaya, dərin bir mədəniyyətə və ya qabiliyyətə malik olmaq deyil, səmimi olmaq lazımdır. Çünki Allah səmimi bəndələrinə düz olanı göstərir, onların xilas olmalarını təmin edir. Quran bütün insanlara göndərilən bir kitabdır, ancaq Allahdan qorxan və axirət gününə iman gətirən möminlər üçün bir hidayət vəsiləsidir. Bu məsələ ilə bağlı ayələrdən bəziləri belədir:

 

"Bunlar hikmətli kitabın ayələridir. Yaxşı əməllər edənlərə bir hidayət və rəhmətdir" ("Loğman" surəsi, 2-3).

 

"Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəldi"
("Yunus" surəsi, 57).

 

Ayələrdə də bildirildiyi kimi, Quran bütün bəşəriyyət üçün bir öyüd-nəsihət, qorxub çəkinən və səmimi olan müsəlmanlar üçün də bir hidayət rəhbəridir. Böyük İslam mütəfəkkirlərindən biri "Qurani-Hakim şüurlu insanlara imamdır, cin və insanlara yol göstərəndir, kamil insanlara rəhbərdir, düz yolda olanlara müəllimdir..."10 - sözləri ilə Quranın saleh bəndələr üçün bir dürüstlük rəhbəri olduğunu ifadə etmişdir. Allah bütün insanların qaranlıqlardan nura çıxmaları üçün vicdanlı şəkildə cavabını axtardıqları hər məsələnin izahını və həllini Quranda bildirmişdir. "Nəhl" surəsində Rəbbimiz Quran haqqında belə buyurmuşdur:

 

"...Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!"
("Nəhl" surəsi, 89).

 

"Ənam" surəsində isə bu həqiqət "...Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəkdir" ("Ənam" surəsi, 38) şəklində bildirmişdir. Quranda hər şey ən mükəmməl, ən hikmətli və ən gözəl şəkildə açıqlanmışdır. Bu, Allahın bəndələrinə olan mərhəmətinin bir təcəssümüdür.

 

Həmçinin Allah Quran vasitəsilə bizə Özünü tanıdır, Özünü bütün kainatı yoxdan yaradan, aləmlərdən üstün olan, bütün qüsurlardan uzaq, hər şeydən xəbərdar olan, gizlinin gizlisini görən, eşidən olduğunu bildirir.Bunlarla yanaşı, Quranda insanların nəyə görə və necə yaradıldıqları, necə bir həyat yaşayarlarsa, Allahın razılığını qazana biləcəkləri, qiyamət günü, cənnət, cəhənnəm, ibadət formaları, gözəl əxlaqın tərifi, bədən və ruh olaraq sağlam olmağın yolları, çətin anlarda və gözlənilməz vəziyyətlərdə görülməli olan tədbirlər, müxtəlif insan xarakterləri ətraflı şəkildə açıqlanmışdır. Quranda həmçinin elmi həqiqətlərə işarə edən ayələr, gündəlik həyata və ictimai məsələlərin həlli yollarına dair bilgilər və bir çox məsələlər haqqında məlumatlar verilmişdir. Yəni Quranda bir insanın həyatının hər anında ehtiyac hiss edəcəyi əsas məsələlərin hamısı mövcuddur. Ayələrdə belə bildirilir:

 

"Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri təkrar-təkrar izah etdik ki, bəlkə onlar pis əməllərdən çəkinsinlər, yaxud ibrət alsınlar!" ("Taha" surəsi, 113).

 

"Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı" ("İsra" surəsi, 89).

 

"Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik..." ("Kəhf" surəsi, 54).

 

Quranda insana Allahın hökmlərini qeyd-şərtsiz qəbul etməsi, yalnız Allahı özünə dost və vəkil tutması, həyatdakı yeganə məqsədinin Allahın razılığı, mərhəməti və cənnəti olmasının lazım olduğu bildirilir. Quran ayələrində bildirildiyi kimi, bir həyat yaşayan insan üçün əsas meyar Quran, gediləcək yol da Peyğəmbərimiz Hz.Muhəmmədin (s) yoludur.Allah Ona qulluq edənlərə din kimi İslamı seçib bəyənmiş, müraciət edəcəkləri rəhbər olaraq Quranı göndərmiş, Peyğəmbərimizin (s) həyatını da nümunə olaraq göstərmişdir. Yeganə doğru və haqq yol Allahın yoludur. Allahın Quranda bildirdiyi yollardan başqa bütün digər yollar batildir, səhvdir. Belə yollar yalnız xurafatlara, bidətlərə (dinə sonradan əlavə edilən hökm və inanclara) və zənnlərə söykənir. Dolayısı ilə insan ancaq Quran ayələrini və Peyğəmbərimizin (s) sünnəsini özünə tək meyar olaraq götürdüyü, Allahın buyruqlarını həssaslıqla yerinə yetirdiyi, həmişə Onun razılığını qazandıracaq yaxşı əməllər etdiyi və özü üçün Peyğəmbərimizin (s) əxlaqını nümunə götürdüyü təqdirdə Allah dərgahından gözəl bir mükafat uma bilər.Quranda bildirildiyi kimi, Allahın sözləri "tamamlanmışdır" və ancaq Quranı və Peyğəmbərimizin (s) sünnəsini özünə rəhbər seçən bir insanın ən doğru və ən həqiqi bilgilərə çatması mümkündür. Allahdan başqa heç bir "hakim"in olmadığı Quranda belə xəbər verilir:

 

"Allah sizə Kitabı müfəssəl surətdə nazil etdiyi halda mən Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma! Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, eşidəndir, biləndir!"
("Ənam" surəsi, 114-115).

Geri