Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Allahın Peyğəmbərimizi (s.ə.v) möcüzəvi şəkildə qoruması

İnsanların hidayətinə səbəb olan Allahın elçiləri son dərəcə həssas bir vicdana malikdirlər. Onlar insanlara yaxşılığı əmr edib pisliklərdən çəkindirən, üzərlərinə düşən bu şərəfli vəzifəni məsuliyyətlə yerinə yetirən çox dəyərli insanlardır. Allahın elçiləri əlləri çatan bütün insanların axirətlərinin xilas olması və onların hidayətə gəlməsinə səbəb olmaq üçün çalışırlar. Onları içində olduqları qəflət yuxusundan oyandırmaq və Allahın razı olacağı ümid edilən bir əxlaqa çatdırmaq istəyiblər. Bunun əvəzində peyğəmbərlər bu şərəfli mübarizələri əsnasında bəzən iman gətirməyənlərin, münafiqlərin, müşriklərin təhdidlərinə, böhtanlarına, sözdə və əməldə gerçəkləşən hücumlarına məruz qalıblar. Ancaq onlar bu şərtlər altında da təbliğ vəzifələrinə səbirlə, gözəlliklə, yaxşılıq və təvazökarlıqla davam ediblər.


Peyğəmbərimiz (s) də bütün peyğəmbərlər kimi insanlara təbliğ etdiyi həqiqətlərə görə hər cür əziyyətlərə, böhtanlara məruz qalıb, məsxərəyə qoyulub, bir-birindən fərqlənən bir çox böhtanlarla ittiham edilib və uzun illər iman gətirməyənlərin təzyiqi və ölüm təhdidi altında yaşayıb. Peyğəmbərimizə (s) itaət edən saleh möminlər də uzun müddət içində yaşadıqları cəmiyyət tərəfindən boykot və rədd olunub. Əlbəttə, çətinlik kimi görünən bu hadisələr Peyğəmbərimizin (s) və onunla birlikdə olan saleh möminlərin dünyada və axirətdə gözəl həyata qovuşmalarına səbəb olan şərəfli hadisələrdir. Səmimi şəkildə iman gətirənlər və Rəbbimizə təvəkkül edənlər bunlardan və buna oxşar digər çətinliklərdən dolayı heç vaxt ümidsizliyə qapılmır, əksinə, bu çətinlikləri və sıxıntıları Allaha yaxınlaşmağa və Onun razılığını qazanmağa bir yol olaraq görürlər.


Peyğəmbərimiz (s) təbliğ vəzifəsinə başlamamışdan əvvəl də hələ gənc yaşlarından etibarən "əl-Əmin adlandırılıb, etibarlı olması ilə tanınmış bir insan olub. Əvvəl də qeyd etdiyimiz kimi, içində yaşadığı cəmiyyətdə insanlar ona hər şeyi əmanət edəcək qədər etibar göstərmişlər, bir çox məsələlərin həllində onu özlərinə hakim seçmişdilər. Onun əxlaqını, ədalətini, dürüstlüyünü həmişə tərifləmişlər. Peyğəmbərimiz (s) hər işi həmişə ən gözəl şəkildə yerinə yetirən, çox ağıllı və qabağı görən, bəsirət sahibi olan mübarək bir insan olduğuna görə onun bütün bu xüsusiyyətləri hər kəsin diqqətini dərhal cəlb edib. Ancaq Peyğəmbərimiz (s) ətrafındakıları Allaha iman gətirməyə və bütlərə sitayiş etməkdən əl çəkməyə çağırmağa başlayanda, onun üstün əxlaqına şahid olmalarına baxmayaraq iman gətirməyənlərin ən böyük hədəfinə çevriliblər.


Peyğəmbərimiz (s) kimi Allahın başqa seçkin elçiləri də peyğəmbərlik vəzifələrini yerinə yetirməyə başlayana qədər öz xalqları arasında sevilən və hörmət edilən insanlar olub. Ancaq elçilik vəzifələri ilə şərəfləndirilmələrindən sonra Allahın varlığını və axirət gününü inkar edənlər, yaxud da dünyəvi qayğılara görə din əxlaqına tabe olmayanlar onlara qarşı cəbhə açmışlar. Bu məsələ Quranda belə xəbər verilir:


"Onlar dedilər: "Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız olmağa) ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik"" ("Hud" surəsi, 62).

 


"Onlar dedilər: "Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Sən doğrudan da həlim xasiyyətlisən, çox ağıllısan!"" ("Hud" surəsi, 87).

 


"(Hökmdar həmin qadınları çağırtdırıb) soruşdu: "Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi? Onlar: "Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!" - deyə cavab verdilər. Vəzirin övrəti dedi: "Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğru danışanlardandır!"" ("Yusif" surəsi, 51).


Peyğəmbərimizin (s) haqqa və doğru olana dəvətinin əvəzində tayfasının müqavimət etirazı da Allahın: "Onlar belə dedilər: "Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən! Əgər sən doğru danışanlardansansa, mələkləri bizə gətirsənə!"" ("Hicr" surəsi, 6-7) ayələrində də bildirdiyi kimi, bu mübarək insana heç bir əsası olmayan böhtanlar atmaqdan ibarət olub. Peyğəmbərimizin (s) bu ayələrdə xəbər verilən böhtanlardan başqa da çoxlu sayda iftiralara məruz qalması Quran ayələrində bildirilir. Peyğəmbərimiz (s) belə bir şəraitdə də iman gətirməyənlərlə fikri mübarizəsinə və Quran əxlaqını insanlara çatdırmağa davam etmişdir. Lakin onun təbliğ etdiyi həqiqətlər xalqın iman gətirməyən hissəsində və müşriklərdə kin və nifrət yaratmışdı. Allahın Quranda "aləmlərə rəhmət" kimi zikr etdiyi ("Ənbiya" surəsi, 107) Peyğəmbərimizi (s) insanlar, - onların çox az hissəsi istisna olmaqla, - təqdir etməmişlər. Həmçinin bir müddət sonra Peyğəmbərimiz (s) yerini dəyişərək Məkkədən Mədinəyə hicrət etmək məcburiyyətində qalmışdı.


Peyğəmbərimiz (s) çox təhlükəli olan müşrik bir qövmün arasında bir tərəfdən dini təbliğ etmiş, bir yandan iman gətirərək ona tabe olanları maarifləndirmiş, digər tərəfdən də iman gətirməyənlərlə çətin bir mübarizə aparmışdır. Bu mübarizə bəzi hallarda müharibələrə çevrilmişdi. Dövrünün müşrikləri ilə yanaşı, inkarçılıqda israr edən bəzi yəhudilər də Peyğəmbərimizə (s) qarşı düşmənçilik etmişlər. Hz.Muhəmməd (s) onlarla da maraqlanmışdı. Yəhudilər kimi, bəzi xristianlar da Peyğəmbərimizi (s) hədəf götürüb, ona xeyli problemlər yaratmış, qurduqları hiylələrlə ona ziyan vurmağa çalışmışlar.


Peyğəmbərimiz Hz.Muhəmməd (s) bu qədər geniş bir sahədə mübarizə apararkən bir tərəfdən də münafiqlər ona gizli şəkildə zərər vurmağa çalışırdılar. Münafiqlər inkarçılarla əlbir olaraq onlara xəbər aparır, gizli şəkildə Peyğəmbərimizin (s) əleyhinə müxtəlif işlər görürdülər. İnkarçılar və müşriklər kimi onların da əsas hədəfi Peyğəmbərimiz (s) idi. Onlar Peyğəmbərimiz Hz.Muhəmmədə (s) paxıllıq edir, ona kin və nifrət bəsləyirdilər. İçlərindəki bu həsədə və bu kinə baxmayaraq Peyğəmbərimizə (s) yaxınlaşaraq onun söhbətlərində iştirak etmiş və gizli işlərlə məşğul olmuşlar.


Münafiqlər kimi, Peyğəmbərimizin (s) təbliğinə qulaq asanların arasında iman gətirməyənlər də vardı. Bu insanlar da başqaları kimi Allahın müqəddəs elçisinə əziyyət vermək üçün çoxlu tələ və hiylələrə əl atırdılar. Allah bir ayədə öz xain fikirləri ilə Peyğəmbərimizə (s) əziyyət vermək istəyən bu adamlar barədə belə xəbər vermişdir:


"Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman az qala səni gözləri ilə yeyələr. Onlar: "O, divanədir!" - deyirlər" ("Qələm" surəsi, 51).
Bura kimi bəhs edilənlərdən də göründüyü kimi, Peyğəmbərimiz (s) həm iman gətirməyənlərin ona qarşı yönələn ölüm təhdidləri altında, həm də münafiqlərin arasında olmasına baxmayaraq insanlara din əxlaqını təbliğ etmiş, onların hidayətə qovuşmasına vəsilə olmağa çalışmışdır. İman gətirməyənlərin başbilənləri və aparıcı simaları isə Allahın bu mübarək elçisini öldürmək üçün çoxlu məkrli planlar hazırlayıb, hiylələr qurmuşdular.


Rəbbimizin ən böyük və vacib möcüzələrindən biri də Peyğəmbərimizin (s) əleyhinə hazırlanan bu qədər məkrli plana və hiyləyə rəğmən sevimli Peyğəmbərimizin (s) heç bir zərərə məruz qalmadan öz mübarizəsinə davam etməsidir.
Bir Quran ayəsində Rəbbimiz sevimli Peyğəmbərimizə (s) "onu insanlardan qoruyacağını" vəd edib:


"...Allah səni insanlardan qoruyacaq. Həqiqətən Allah kafir camaatı düz yola yönəltməz!" ("Maidə" surəsi, 67).


Rəbbimizin bu vədi bir çox möcüzəvi hadisədə ortaya çıxıb, inkarçıların tanınmış adamları, müşriklər və münafiqlər, Peyğəmbərimizə (s) qarşı haqsız kin və nifrət içində olanlardan bircə nəfər də möcüzəvi tərzdə ona ziyan verə bilməyib. Hazırladıqları məkrli planlar, qurduqları tələlər hər dəfə puça çıxıb. Həm də bir çox döyüşdə müşriklər və inkarçılar Peyğəmbərimizlə (s) qabaq-qabağa gəlmələrinə baxmayaraq Rəbbimiz həmişə məhz onu qoruyub və Peyğəmbərimiz (s) təbliğ vəzifəsini axıra kimi davam etdirib. Ona əziyyət verməyə çalışanlar məqsədlərinə heç vaxt çata bilməyib, əksinə, özləri rəzil-rüsvay olarkən Peyğəmbərimizin (s) fiziki gücü, sağlamlığı, sevinci, nuru və gözəlliyi hər ötən gün daha da çoxalıb. Allah Peyğəmbərimizi (s) Öz mərhəməti ilə qoruyub, ona həm fiziki, həm də mənəvi cəhətdən böyük güc və əzəmət verib. Əlbəttə, bu, Peyğəmbərimiz (s) üzərində təcəlla edən Allah möcüzələrindən biridir. Qurduqları hiyləgər planlar inkarçıların və münafiqlərin öz əleyhinə çevrilərkən Peyğəmbərimiz (s) Allahın mərhəməti və mühafizəsi altında heç bir zərərə məruz qalmadan öz mübarizəsini davam etdirib. Mahiyyət baxımından böyük möcüzə demək olan bu həqiqət Quranda da bildirildiyi kimi, Peyğəmbərimizdən (s) rəvayət edilən hədislərdə də yer almışdır.

Geri