Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Peyğəmbərimizə (s.ə.v.) verilən qeyb xəbərləri

Qeybi ancaq üstün gücə malik olan Allah bilir. Keçmiş və gələcək olan hər hadisənin bilgisi bütün təfərrüatı ilə Allahın dərgahındadır. Bu həqiqət Quranda belə xəbər verilir:


"Qeybin açarları Onun yanındadır. Onları ancaq O bilir. Allah suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!" ("Ənam" surəsi, 59).


Zamanı yaradan və insanlara bu qavrayışı öyrədən Allahdır. Allahın Uca Zatı zamandan kənardır. Dünyadakı canlı və ya cansız varlıqlara aid bütün məlumatlar keçmişləri və gələcəkləri ilə birgə Rəbbimizin yanında mövcuddur. Kainatda və bütün başqa aləmlərdə baş verən hər bir hadisə Allahın elmi daxilində və Onun nəzarətindədir. O, gizli olanın gizlinini də bilir. Peyğəmbərimiz (s) də qeybə ancaq Rəbbimizin istədiyi qədər yiyələnə bilib, əlbəttə, bu da onun möcüzələrindən biri olub. Allah Quranda elçilərindən seçdiklərinə Öz dərgahında olan qeyb bilgisindən verdiyini belə bildirir:


"Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi peyğəmbərdən başqa! Çünki Allah onların önündə və arxasında gözətçilər qoyar" ("Cinn" surəsi, 26-27).


Peyğəmbərimiz Hz.Muhəmməd (s) də Allahın ona qeybdən xəbərlər verdiyi, Rəbbimizin yanında çox seçilmiş bir elçidir. Quranda bildirildiyi kimi, bu cür elçilərdən biri də Hz.Yusifdur. Hz.Yusif zindanda ikən Allahın varlığının dəlillərini iki yoldaşına belə söyləmişdir:


"Dedi: "Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!" ("Yusif" surəsi, 37).


Bu, Allahın Hz.Yusifə verdiyi bir elm və möcüzədir. Allah Hz.Yusifə yuxuları izah edə bilmək, yuxu yozmaq elmini də vermişdi. Hz.Yusif -Allahın istəyi ilə- gələcəkdə olacaq bəzi hadisələri əvvəlcədən bilib. Hz.Yusifə verilən elmin bir oxşarı başqa peyğəmbərlərə də verilib. Quranda Hz.İsanın da Rəbbimizin köməyi və izni ilə bu elmə yiyələndiyi xəbər verilib. Ayədə belə buyrulur:


"Və onu İsrail övladına peyğəmbər göndərəcək. O, İsrail oğullarına deyəcək: "Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə ilə gəlmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər inanmışsınızsa, bunda sizin üçün bir dəlil vardır" ("Ali-İmran" surəsi, 49).


Ayədə də qeyd edildiyi kimi, Hz.İsa da insanların nələr yediklərini, yaxud da nələri yığıb gizlətdiklərini bilməyə imkan verən bir elmlə nemətləndirilmişdi. Hz.İsanın özündən sonra gələcək və adı "Əhməd" olan bir peyğəmbəri müjdələməsi də Quranda xəbər verilir (bax: "Saff" surəsi, 6). Rəbbimiz Peyğəmbərimizə (s) də qeybə dair bir çox xəbərlər vermişdi. Peyğəmbərimiz (s) həm keçmişdə baş verən və heç kimin bilmədiyi hadisələri, həm də gələcəkdə baş verəcək bir çox olayları Allahın ona bildirməsi ilə öyrənmişdi. Bir ayədə Allah bu həqiqəti belə xəbər verir:


"Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq əlbir iş gördükləri zaman sən ki onların yanında deyildin!" ("Yusif" surəsi, 102).


Peyğəmbərimiz (s) qeyb məlumatlarını öz qabiliyyəti ilə və özünəxas özəlliklə əldə etməmişdi. O, yalnız Allahın istədiyi qədər qeybdən ona verdiyi xəbərləri ətrafındakılara təbliğ etmişdi. Hər şeyi bilən Allahın Öz elçisinə verdiyi məlumatlar isə keçmişdə baş vermiş, yaxud da gələcəkdə mütləq baş verəcək hadisələrə işarə edir. Bu da Peyğəmbərimizin (s) bildirdiyi bu məlumatların hər birinin möcüzə mahiyyətində olduğunu göstərir. Ancaq Allahın bildirməsi ilə bəlli ola biləcək xəbərləri Peyğəmbərimiz (s) həyatı boyunca dəfələrlə insanlara çatdırıb. Hz.Muhəmmədin (s) həm keçmişlə, həm içində yaşadığı dövrlə, həm də gələcəklə bağlı xəbərlərə vaqif olması, Rəbbimizdən qeyblə bağlı bilgilər alması da peyğəmbərliyinin dəlillərindəndir. Allahın ona verdiyi bir çox elmlə birlikdə Peyğəmbərimizin (s) göstərdiyi təvazökarlıq və itaət isə Quranda belə bildirilir:


"De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq qorxudan və müjdələyənəm!""
("Əraf" surəsi, 188).


Allahın müqəddəs peyğəmbəri Hz.Muhəmməd (s) həm Quran ayələri ilə, həm də özəl olaraq ona gələn vəhy nəticəsində keçmişlə, yaşadığı dövrlə və gələcəklə bağlı bilgilər almış, Allahın istəyi ilə bir çox məsələlərdə heç kimin bilməyəcəyi qeyb bilgisinə malik olmuşdu. Çətin anlarda bu elm sayəsində müsəlmanları qələbə ilə müjdələmişdir. Bundan başqa da çoxlu müjdələr verərək onların şövqünü artırmışdır. Peyğəmbərimizin (s) müsəlmanlara əvvəlcədən müjdəsini verdiyi bu hadisələr bir möcüzə olaraq, ardıcıllıqla gerçəkləşmişdir.
Peyğəmbərimizin (s) 1400 il əvvəl xəbər verdiyi və içində yaşadığımız dövrdə də baş vermiş bir çox hadisələr var. "Kütubi-Sittə" hədisçiləri Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai, İbni Macə və bir çox digər hədisçi Peyğəmbərimizdən (s) nəql edilən hədislərdəki qeyb xəbərlərinin doğru olması məsələsində həmfikirdirlər. Həmçinin Peyğəmbərimizin (s) xəbər verdiyi qeyb bilgilərinin hər biri həyata keçib və gerçəkləşməkdə də davam edir, insanlar isə bu möcüzələrə şahid olurlar.

Geri