Peyğəmbərimizin (s.ə.v) möcüzələri

RƏBBİMİZİN PEYĞƏMBƏRLƏRƏ BƏXŞ ETDİYİ MÖCÜZƏLƏR

Rəbbimiz bəzən elçilərini inkarçıların və müşriklərin hiylələrindən qorumaq, bəzən də insanların iman gətirməsinə vasitəçi olması üçün bəzi peyğəmbərlərinə möcüzələr bəxş etmişdir. Qurani-Kərimdə Uca Allahın möcüzələrlə dəstəklədiyi peyğəmbərlərin təbliği, həyatları və inkarçılara qarşı apardıqları mübarizə müfəssəl şəkildə bildirilmişdir. Sevimli Peyğəmbərimiz hz.Muhəmməd (s), hz.Musa (ə), hz.İbrahim (ə) və hz.İsa (ə) Rəbbimizin möcüzələr bəxş etdiyi mübarək elçilərdəndir.
Məsələn, hz.İbrahimi oda atmaq istəyən inkarçıların hiylələri Rəbbimizin möcüzəsi ilə puça çıxmışdır. Allah: "Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!" - deyə buyurduq" ("Ənbiya" surəsi, 69) ayəsində də xəbər verdiyi kimi, atəşə hz.İbrahimə sərin olmasını əmr edib. Beləliklə, Rəbbimizin möcüzəsi ilə inkarçıların hz.İbrahimə qarşı qurduqları tələ alt-üst olmuşdur. Allahın elçilərindən bəzilərinə bəxş etdiyi digər möcüzələr Quranda belə xəbər verilir:

Hz.İsanın öz xalqına göstərdiyi möcüzələr
"Xatırla ki, o gün Allah belə buyuracaq: "Ey Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq möcüzələrlə gəldiyin zaman Mən səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!"" ("Maidə" surəsi, 110).


"Onu İsrail övladlarına peyğəmbər göndərəcək. O, onlara deyəcək: "Mən həqiqətən Rəbbiniz tərəfindən möcüzə ilə sizə gəlmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda bir dəlil vardır" ("Ali-İmran" surəsi, 49).

Hz.İbrahimin parçaladığı quşların ona diri qayıtmaları
"Xatırla ki, İbrahim: "Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!" - dedikdə Allah ona: "Məgər inanmırsan?" -buyurdu. İbrahim: "Bəli, inanıram, lakin ürəyim sakit olmaq üçün soruşdum", - deyə cavab vermişdi. Bu zaman Allah ona buyurdu: "Dörd quş götürüb onları özünə öyrəşdir, sonra parçalayaraq hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!"" ("Bəqərə" surəsi, 260).

Hz.Məryəmin yanında həmişə hazır yeməyin olması
"....Zəkəriyyə hər dəfə Məryəmin ibadət etdiyi mehraba girdikdə onun yanında bir ruzi olduğunu görərdi: "Ey Məryəm, bunlar sənin üçün haradandır?"- dedikdə, o: "Allah tərəfindəndir!" - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!" ("Ali-İmran" surəsi, 37).

Hz.Yunusun balıq tərəfindən udulandan sonra möcüzəvi şəkildə xilas olması
"Həqiqətən, Yunus da göndərilmiş peyğəmbərlərdəndir! Yadına sal ki, bir zaman o, dolu bir gəmiyə qaçmışdı. Gəmidə olanlar püşk atmış və püşk ona düşdüyü üçün məğlub edilənlərdən olmuşdu. Özünü qınayarkən balıq onu udmuşdu. Əgər o, Allahı çox təqdis edənlərdən olmasaydı, yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı. Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq" ("Saffat" surəsi, 139-145).

Hz.Zəkəriyyənin yaşlı olduğu halda uşaqla müjdələnməsi
"Zəkəriyyə Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!" Zəkəriyyə mehrabda ayaq üstə durub namaz qılarkən mələklər ona dedilər: "Allah sənə Özü tərəfindən gələn kəlməni təsdiq edən, alicənab, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın dünyaya gələcəyi xəbərini müjdə verir". Zəkəriyyə: "Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır olduğu halda mənim necə oğlum ola bilər?" - söylədi. Allah isə: "Dediyin kimidir, lakin Allah nə istəsə, onu da edər", - deyə buyurdu" ("Ali-İmran" surəsi, 38-40).
Quran ayələrində yuxarıda qeyd edilənlərdən başqa bir çox möcüzələr haqqında da xəbər verilir. Rəbbimizin bizə xəbər verdiyi bu möcüzələr bütün kainatın yiyəsi, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizin istəyi ilə baş verir. Hər möcüzə Allahın "Ol!" əmri ilə və Allahın istəyi ilə həyata keçir. Allah bir Quran ayəsində belə buyurur:


"Biz səndən əvvəl də peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik. Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz. Hər əcəl üçün bir kitab (yazı, hökm, son) var" ("Rad" surəsi, 38).


"Maidə" surəsində də Hz.İsanın öz möcüzələrini "Allahın icazəsi ilə" həyata keçirdiyi xəbər verilir:


"O gün Allah belə buyuracaq: "Ey Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq aşkar möcüzələrlə gəldiyin zaman Mən onların bəlasını səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!"" ("Maidə" surəsi, 110).


Peyğəmbərlərin hamısı Rəbbimizə təslim olmuş, yüksək əxlaqlı, aləmlərdən üstün hesab edilən və onlara nümunə olan müqəddəs insanlardır. Bütün insanlar kimi onlar da Rəbbimizin qarşısında aciz və möhtacdırlar. Allah bütün kainatı yoxdan yaradan, bütün varlıqların üzərində mütləq güc və hakimiyyət sahibidir. Canlı-cansız hər şeyin nəzarəti Allaha məxsusdur. Bütün kainat, göylərdə və yerdə olan canlı-cansız hər şey: bütün insanlar, bitkilər, əşyalar Allaha məxsusdur. Hamısını yaradan aləmlərin Rəbbi olan Allahdır. Hər şey Onun əmriylə hərəkət edir, O, istədiyi vaxta kimi, öz varlıqlarını davam etdirə bilirlər.
Bütün canlı varlıqları bəsləyən, onlara göydən və yerdən ruzi verən, yeri yaşıllaşdıran, gecəni qaraldan, Günəşi parlaq bir işıq edən, mövsümləri yaradan qüvvə Uca Allahdır. Dünyanın xəlq edilməsindən bu günə qədər yer üzərində yaşamış və hazırda da yaşamaqda olan bütün insanları yaradan Allahdır. Canlı-cansız hər şey öz mövcudluğuna görə Allaha borcludur və bütün varlığı ilə Ona möhtacdır. Rəbbimizin insanlar arasından seçib elçilik vəzifəsi ilə şərəfləndirdiyi peyğəmbərlər də Allahın yaratdığı və Onun əmriylə hərəkət edən Allaha möhtac insanlardır. Onların göstərdikləri möcüzələr də ancaq Allahın istəyi ilə meydana gəlmişdir.
Rəbbimizin sonsuz gücü "Ənbiya" surəsində belə xəbər verilir:


"Göylərdə və yerdə olan butün məxluqat Onundur. Onun dərgahında olanlar Ona ibadət etməyə təkəbbür göstərməz və yorulmaq bilməzlər. Onlar gecə-gündüz, yorulub-usanmadan Rəbbini təqdis edib şəninə təriflər deyərlər. Yoxsa yerdən tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər? Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah müşriklərin Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar isə sorğu-sual ediləcəklər. Yoxsa Ondan başqa tanrılar qəbul etdilər? De: "Dəlilinizi gətirin. Bu mənimlə olanların Kitabı, bu da məndən əvvəlkilərin zikri! Xeyr, onların əksəriyyəti haqqı bilmir və buna görə də ondan üz döndərirlər!"" ("Ənbiya" surəsi, 19-24).


Bizim bu kitabdakı məqsədimiz də Allahın öz üstün əxlaqı, dərin imanı, hər bir davranışı və sözü ilə insanlara nümunə kimi göndərdiyi Peyğəmbərimiz hz.Muhəmmədin (s) möcüzələrindən bəzilərini xatırlatmaqdır. Peyğəmbərimiz (s) Allahın izni ilə, həyatı boyunca insanlara bir çox möcüzələr göstərmişdir. Bu möcüzələrdən bəzilərinə ancaq səhabələr şahid olmuş, digər bir qismi isə inkarçıların çoxu tərəfindən müşahidə edilmişdir.
Peyğəmbərimizin (s) möcüzələrinin bir qismi bizə Quran ayələrində, digər bir hissəsi də hədislərdə çatdırılıb. Məqsədimiz aləmlərə mərhəmət kimi göndərilən bu müqəddəs insanın möcüzəvi yönlərini insanlara göstərmək və onları Qurani-Kərimi və Peyğəmbərimizin (s) sünnəsini özlərinə rəhbər saymağa dəvət etməkdir.

Geri