Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Rəbbimizin Peyğəmbərimizi (s) mələklərlə qoruyub dəstəkləməsi

Quran əxlaqı müsəlmanların döyüşdən və hər cür iğtişaşdan çəkinmələrini, narazılıqları müzakirələr və fikir mübadiləsi yolu ilə aradan qaldırmalarını, mülayim olmalarını zəruri edir. Qurana görə, müharibə məcburiyyət qarşısında qalanda əl atılan və mütləq müəyyən insani və əxlaqi şərtlər çərçivəsində yerinə yetirilən "arzuolunmaz məcburiyyət"dir. Möminlər baş verən problemlərdə həmişə sülhü və anlaşmanı seçməklə yalnız qarşı tərəfin hücumuna məruz qalarlarsa, özlərini müdafiə etmək üçün döyüşməyə borcludurlar.
Bir ayədə yer üzündə müharibə törədənlərin pozğunlar olduğu, Allahın isə pozğunları sevmədiyi bildirilir:


"...Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!" ("Maidə" surəsi, 64).


Peyğəmbərimiz Hz.Muhəmmədin (s) həyatına nəzər salanda müharibənin ancaq məcburiyyət qarşısında qalanda və müdafiə məqsədilə müraciət edilən bir yol olduğunu görə bilərik.
Quranın Peyğəmbərimizə (s) vəhyi düz 23 il davam etdi. Bunun ilk 13 ilində müsəlmanlar Məkkədəki bütpərəst sistemin içində azlıq kimi yaşadılar və çox böyük təzyiqlərə məruz qaldılar. Bir çox müsəlmanlara fiziki işgəncələr verildi, bəziləri öldürüldü, əksəriyyətinin evi və var-dövləti əlindən alındı, onlar həmişə təhqir və təhdidlərlə qarşılaşdılar. Buna baxmayaraq, müsəlmanlar qarşıdurma və savaşa əl atmadan yaşamağa davam etdilər və bütpərəstləri həmişə barışa çağırdılar. Axırda bütpərəstlərin təzyiqləri dözülməz həddə çatanda müsəlmanlar daha azad və dostanə bir şəraitin mövcud olduğu Yəsrib (sonradan Mədinə adlandırıldı) şəhərinə hicrət edərək burada öz üsul- idarələrini qurdular.


Ancaq müharibənin labüd yol olduğu hallarda da Rəbbimiz Peyğəmbərimizi (s) müxtəlif möcüzələri ilə dəstəklədi. Bu möcüzələrdən biri də Rəbbimizin Öz mələklərini Peyğəmbərimizin (s) və saleh möminlərin köməyinə göndərməsidir.
Müsəlmanların gücsüz vəziyyətdə görünməsinə baxmayaraq Rəbbimizin onlara necə qələbə və müvəffəqiyyət nəsib etdiyi, bunun möminlərin şükr etməsi lazım olan nemət olduğu bir Quran ayəsində belə xəbər verilir:


"Həqiqətən siz Bədirdə zəif olduğunuz halda Allah sizə yardım etdi. Ona şükr edən olmaq üçün Allahdan qorxun!"
("Ali-İmran" surəsi, 123).


Saleh müsəlmanlar müşriklərdən sayca çox az olmalarına baxmayaraq çox böyük cəsarət və qətiyyətlə Peyğəmbərimizin (s) ardınca döyüşə girib və Allahın dəstəyi ilə möcüzəvi şəkildə böyük zəfərlər qazanıblar. Quran ayələrində Allahın möminləri mələklərlə dəstəklədiyi və Peyğəmbərimizin (s) döyüşdə möminləri mələklərin köməyi ilə müjdələdiyi belə xəbər verilir:
"O zaman sən möminlərə deyirdin: "Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?"
Bəli, əgər səbir edib Allahdan qorxsanız, onlar qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər.


Allah bunu sizin üçün məhz müjdə və qəlbləriniz rahat olsun deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki, O, bununla kafirlərin bir hissəsini məhv etsin və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid geri dönsünlər" ("Ali-İmran" surəsi, 124-127).


Allah, ayələrdə də buyurduğu kimi, mələklərin köməyini insanlara bir müjdə və ürəklərə rahatlıq vəsiləsi kimi göndərib. Yoxsa şübhəsiz ki, Allahın heç bir səbəbə ehtiyacı yoxdur. Allah dilədiyi təqdirdə iman gətirməyənlərin üzərinə göndərdiyi tək bir əzabla onları darmadağın edər. İstədiyi anda kafirləri və onların ordularını bir dəqiqə, bircə saniyə ərzində torpağa gömər. Həmçinin Quranda bir çox inkarçı qövmün heç gözləmədikləri bir anda ya tək bir səs, ya bir qasırğa, ya da başqa bir fəlakətlə qəfildən həlak olduqları, ya da altı üstünə çevriləcək şəkildə yerin altında qaldıqları bildirilib. Əlbəttə, Allah bütün bunlara gücü çatandır. Rəbbimizin belə şanlı və möcüzəvi qələbələr verməsi isə Peyğəmbərimiz (s) və onun yanındakı möminlər üçün böyük bir müjdə olub. Müharibədə baş verən möcüzələr və müsəlmanların cəsarəti təfsir alimləri tərəfindən təsvir edilib. Böyük alim Ömər Nəsuhi Bilmən müsəlmanların döyüşləri əsnasında meydana gələn möcüzələri və saleh möminlərin cəsarətini belə bildirir:


İslam ordusu Qureyş müşrikləri ilə döyüşü nəzərə alaraq Bədir yerinə istiqamətləndi. Rəsulullah (s) baş verəcək döyüşdə düşmənlərindən öldürüləcək şəxslərin öldürüldükləri yerləri səhabələrinə göstərdi. Sonra da buyrulduğu kimi də oldu. Bu, bir möcüzə idi.
Nəhayət, Qureyş ordusu da gəlib Bədirin içməli su olan yerlərini zəbt etdi. Lakin ertəsi gün yağış yağdı, səhabələr bol suya qovuşdular, bu sıxıntıları da aradan qaldırıldı. Sonra döyüşə atıldılar. Düşmənlər müsəlmanlardan üç dəfə çox idi. Amma yenə də qorxurdular. Döyüş başladı. Müsəlmanlar cihadın, şəhidliyin mənəvi qiymətini bildikləri üçün qorxusuz, sevinc içində cihada başladılar. Bu əsnada Həzrəti Ömərin azad etdiyi Mihca şəhid oldu. Rəsulullah (s) "Mihca şəhidlərin əfəndisidir", - buyurdu.


Allah Rəsulu (s) "Ey Rəbbim! Mənə vəd etdiyin qələbəni ehsan et!" deyə dua etdi və bir müddət sonra yüngülvari mürgülədi. Və qısa bir müddətdən sonra üzündə təbəssüm ayıldı. Yanında olan Həzrəti Əbu Bəkirə "Müjdə, Ey Əbu Bəkir! Budur, Cəbral və əksər mələklər köməyə gəldilər", - deyə buyurdu. Sonra da zirehini geyindi və çadırından çıxdı. Sayı çox olan düşmən ordusuna bəzi urbanlıların da qatılacağı eşidilmişdi. Bəzi müsəlmanlar bundan sonra təşvişə düşmüşdülər. Bundan sonra Uca Allahın dərgahından mələklər vasitəsilə müsəlmanlara kömək ediləcəyi müjdəsi verildi. Rəvayətə görə, bu əsnada möhkəm külək əsdi və göz-gözü görmədi. Bu vəziyyət Həzrəti Cəbraillə mələklərin savaş meydanına girməsinə bir işarə idi. Mələklər ağ atlarda, ağ, sarı insanlar surətində görünüb və Bədir müharibəsində şəxsən iştirak ediblər.


Bu Bədir döyüşündə müsəlmanlara əvvəlcə min, sonra iki min, bundan sonra yenə də iki min mələk köməyə gəlib ki, bunların da cəmi ayədə də qeyd edildiyi kimi, beş min olub.
Allahın mələkləri Peyğəmbərimizin (s) və onun yanındakı insanların köməyinə çatdırması başqa ayələrdə belə xəbər verilir:


"Siz Rəbbinizdən kömək diləyirdiniz. O: "Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!" - deyə duanızı qəbul buyurmuşdu. Allah bu köməyi sizə yalnız sizin üçün bir müjdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət, hikmət sahibidir! O vaxt Öz tərəfindən arxayınlıq əlaməti olaraq Allah sizi xəfif bir mürgülətmiş, sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi doldurmaq və ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı" ("Ənfal" surəsi, 9-11).


İmam Sabuninin təfsirində isə mələklərin köməyi bu cür tərif edilir:
Allah "dalbadal gələn min mələklə sizə kömək edəcəyəm" deyərək onun duasını qəbul etdiyini bildirdi. Təfsirçilər belə deyir: Hədisdə bildirildiyinə görə, Cəbrail beş yüz mələk göndərdi və onlarla ordunun sağ cinahında döyüşdü. Mikayıl da bey yüz mələk göndərdi. Onlar da ordunun sol cinahında döyüşdü. Mələklərin Bədirdən başqa hər hansı bir müharibədə döyüşdüyü müəyyən edilməyib. Başqa döyüşlərdə mələklər müsəlmanların sayını çox göstərmək üçün enərdilər, amma döyüşməzdilər.


Allahın mələklərlə sizə kömək etməsi ancaq qələbəni müjdələmək üçündür. Bir də bu qələbə ilə ruhlarınız sakitlik tapsın deyə kömək etdi. Əslində qələbə ancaq Uca Allahın dərgahındandır. Onun köməyinə etibar edin. Öz gücünüzə və silahınıza güvənməyin. Şübhəsiz ki, Allah qalibdir, məğlub edilə bilməz. Hikməti nəyi zəruri edirsə, onu edər.


Yadınıza salın ki, Allah Özündən bir əminlik olaraq sizin yuxunuzu gətirirdi. Bu, Rəsulullahın (s) bir möcüzəsidir. Çünki qorxu anında hamını yuxu basmışdı. Hz.Əli belə deyir: Bədir günü bizdə Mikdaddan başqa at yox idi. Rəsulullahdan (s) başqa hamının mürgülədiyini gördüm. İbni Kəsir belə deyir: Möminlərin ürəklərinin Allahın yardımı ilə sakitləşib rahat olması üçün döyüşün ən şiddətli anında yuxulayan kimi olmuşdular. Üstünüzə göydən yağış yağdırırdı. Bu da Allahın saydığı başqa bir nemətdir. Hadisə belədir: Bədir müharibəsində müsəlmanlar susuz qaldılar. Bundan sonra Allah onların üzərinə elə bir yağış göndərdi ki, vadilərdən su axdı.


Allahın Peyğəmbərimizin (s) yanında mübarizələrdə iştirak edən möminlərin ürəklərini bir-birinə yaxınlaşdırması da başqa bir möcüzədir. Müxtəlif qövmlərdən, şəhərlərdən, tayfalardan, hətta bir-birinə düşmən kəsilmiş qəbilələrdən olan insanların eyni məqsəd uğrunda, Allahın razılığını qazanmaq üçün birlikdə hərəkət etmələri Allahın istəyi ilə həyata keçmişdi. Allah bir çox ayədə Peyğəmbərimizi (s) Öz yardımı və səmimi möminlərin dəstəyi ilə müjdələyib:


"Əgər onlar səni aldatmaq istəsələr, sənə təkcə Allah kifayətdir. O, səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi.
Və onların ürəklərini birləşdirdi. Əgər sən yer üzündə nə varsa hamısını xərcləsəydin belə yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət, hikmət sahibidir. Ey Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə təkcə Allah bəs edər" ("Ənfal" surəsi, 62-64).


Allahın kömək etdiyi Peyğəmbərimiz (s) və möminlər nə qədər zəif və ağır vəziyyətdə olsalar da uğur qazanıblar, sayca çox olan imansızların əsgərləri üzərində qələbə çalıblar. Məkkəli müşriklər geniş texniki imkanlara və çoxlu əsgərə malik olmalarına baxmayaraq ilk baxışda mütləq qalib gəlmələri lazım olduğu halda Allahın bir möcüzəsi olaraq darmadağın ediliblər.
Allah möminlərə döyüşlərdə daha bir möcüzə yaşadıb, səbir edən bir adamın on nəfəri məğlub edəcəyini müjdələyib:


"Ey Peyğəmbər! Möminləri döyüşə həvəsləndir. İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar anlamayan bir tayfadır! İndi Allah yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə, min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbir edənlərlədir!" ("Ənfal" surəsi, 65-66).


Allah başqa ayədə də Peyğəmbərimizə (s) və möminlərə kömək məqsədilə görünməyən ordularını göndərdiyini və onların vasitəsilə inkarçı müşriklərə əzab verdiyini xəbər verir:


"Sonra da Allah Öz Peyğəmbərinə və möminlərə arxayınlıq nazil etdi, görmədiyiniz əsgərlər endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin cəzasıdır!" ("Tövbə" surəsi, 26).


Allah Peyğəmbərimizə (s) və möminlərə möcüzələrlə kömək edərkən inanan insan etdikləri zülm və əziyyətlərə görə müşriklərə də görünməmiş bir cəza verib. Müşriklər heç gözləmədikləri bir şəkildə müsəlmanlara məğlub olublar.
Döyüş anında baş verənlər Ibn Kəsirin təfsirində belə bildirilir:


Əbu Hureyrədən rəvayət edildiyinə görə, Allah Rəsulu (s): "Qorxu ilə mənə kömək edildi və mənə cəvamiul-kərim (bütün kərim olan şeylər) verildi", - buyurub. Buna görə də Uca Allah: "Sonra da Allah Öz Peyğəmbərinə və möminlərə arxayınlıq nazil etdi, görmədiyiniz əsgərlər endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin cəzasıdır!", - buyurmuşdur.
Başqa bir təfsirdə isə iman gətirənlər səbir etdikləri təqdirdə iman gətirməyənlərin hiyləgər tələlərinin və məkrli planlarının puça çıxacağı belə açıqlanıb:


Uca Allah bizdən olmayanların sirdaş edilməsini qadağan edəndən və bunun səbəblərini bildirəndən sonra biz mömin bəndələrinə müttəqi olub səbir etdiyimiz təqdirdə kafirlərin hiylə və məkrli planlarını puç edəcəyini vəd edir və biri Uhud günündə, digəri də Bədir günündə olmaqla mömin bəndələrini dost etdiyi iki vəziyyəti bizə nümunə göstərir. Bu iki gündə Uca Allah möminlərin səbirlərinə və təqvalarına görə onların düşmənlərinin hiylələrini və planlarını alt-üst etmişdi. Uca Allahın möminləri dost etdiyinə, düşmənlərinin də hiylə və tələlərini -səbir edib təqva sahibi olmaları halında- puça çıxarmasına iki misal kimi bu iki hadisənin verilməsinin dəlili bundan əvvəlki ayədə səbir və təqvanın zikr edilməsidir: "Səbir etsəniz və çəkinsəniz, onların hiyləsi sizə heç bir zərər verə bilməz".

Geri