Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Məkkənin fəthi

"And olsun ki, Uca Allah öz Peyğəmbərinin röyasının çin olduğunu təsdiq etdi. Əgər Allah istəsə, siz əmin-amanlıqla, saçlarınızı qırxdırmış, qısaltmış halda və qorxmadan Məscidül-hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əlavə tezliklə bir qələbə də bəxş edəcəkdir" ("Fəth" surəsi, 27).


Peyğəmbərimiz (s) Mədinədə gördüyü yuxusunda möminlərin əmin-amanlıqla Məscidül-hərama daxil olmalarını və Kəbəni təvaf etmələrini görmüş və möminləri bu xəbərlə müjdələmişdi. Çünki Məkkədən Mədinəyə hicrət edən möminlər o gündən bəri Məkkəyə gedə bilmirdilər.


Allah Peyğəmbərimizə (s) Öz dərgahından bir kömək və yardım olaraq "Fəth" surəsinin 27-ci ayəsini vəhy edib və onun röyasının həqiqət olduğunu, əgər Allah istəsə, möminlərin Məkkəyə daxil olacaqlarını bildirmişdir. Həqiqətən də bir müddət sonra, əvvəlcə Hudeybiyyə müqaviləsi, onun ardınca isə Məkkənin fəthi ilə müsəlmanlar, eynilə ayədə bildirildiyi kimi, əmin-amanlıqla Məscidül-hərama daxil olublar. Beləliklə, Allah Peyğəmbərimizə (s) ilham etdiyi müjdənin həqiqət olduğunu göstərmişdir.


Buxari Məkkənin fəth edilməsi haqqında İbni Abbasın belə dediyini rəvayət edir:
İbni Abbas: "Quranı (oxumağı və təbliğ etməyi yaxud hökmlərinə əməl etməyi) sənə vacib buyuran Allah qayıdacağın yerə səni yenə də qaytaracaqdır..." ("Qəsəs" surəsi, 85) mənasındakı ayədə ifadə edilən qaytarılacaq yerin Məkkə olduğunu söyləyərdi".
Ancaq burada diqqəti çəkən başqa bir mühüm cəhət də var. "Fəth" surəsinin 27-ci ayəsinə diqqət yetirsək, Məkkənin fəth edilməsindən əvvəl gerçəkləşəcək başqa bir fəthdən də bəhs edildiyi məlum olacaq. Həmçinin ayədə xəbər verildiyi kimi, müsəlmanlar əvvəlcə yəhudilərin əlində olan Xeybər qalasını fəth edib, sonra da Məkkəyə daxil olublar. "Fəth" surəsinin 27-ci ayəsi məşhur "Cəlaleyin" təfsirində belə izah edilir:
And olsun ki, Allah Peyğəmbərinə(s) həmin yuxunu doğru göstərdi. Rəsulullah (s) Hudeybiyyə müqaviləsi bağlanan il səfərə çıxmamışdan əvvəl yuxusunda özünün də, səhabələrinin də əmin-amanlıq içində, saçlarını kəsdirərək Məkkəyə girdiklərini görmüş və bunu da səhabələrinə xəbər vermişdi. Onlar da sevinmişdilər. Yanındakı səhabələrlə birlikdə çıxdılar. Kafirlər Hudeybiyyə adlanan yerdə qarşılarına çıxıb onları Məkkəyə getməyə qoymayanda bu, müsəlmanlara çox ağır gəldi. Bəzi münafiqlər isə şübhələnməyə başladılar. Bu ayə həmin vaxt nazil oldu. "And olsun ki, Uca Allah öz Peyğəmbərinin röyasının çin olduğunu təsdiq etdi. Əgər Allah istəsə, siz əmin-amanlıqla, saçlarınızı qırxdırmış, qısaltmış halda və qorxmadan Məscidül-hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əlavə tezliklə bir qələbə də bəxş edəcəkdir". Bu da Xeybərin fəth edilməsi idi. Və yuxu ertəsi il reallaşdı.


Peyğəmbərimiz (s) hicrətin 8-ci ilində Məkkəyə daxil olaraq bu şəhəri fəth edib. Peyğəmbərimiz (s) möminlərə bu müjdələri verəndə mövcud vəziyyət heç də istənilən səviyyədə deyildi. Hətta mövcud şərait deyilənlərin tam əksini göstərirdi, müşriklər möminləri Məkkəyə girməyə əsla qoymayacaqlarında israr edirdilər. Bu isə qəlbində xəstəlik olanların Peyğəmbərimizin (s) dediklərinə şübhə ilə yanaşmasına səbəb olmuşdu. Ancaq Peyğəmbərimiz (s) Allaha etibar edərək və insanların nə deyəcəyinə əhəmiyyət verməyərək Allahın ona bildirdiyinə iman gətirmiş və bunu insanlara açıqlamışdır. Rəbbimizin Peyğəmbərimizə (s) verdiyi bu qeyb xəbərinin həyata keçməsi isə milyonlarla insanın şahid olduğu çox böyük bir möcüzədir.

Geri