Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Allahın mağarada hazırladığı möcüzələr

İslam mənbələrində və tarixi sənədlərdə qeyd edilən məlumatlara görə, Rəsulullah (s) Peyğəmbərliyinin 14-cü ilində səfər ayının 27-si gecəsi evini tərk etdi və hz.Əbu Bəkirin evinə getdi. Daha sonra hz.Əbu Bəkirlə birlikdə Məkkəni tərk etdilər. Peyğəmbərimiz (s) müşriklərin onu ilk axtaracaqları yerin şimala tərəf davam edən əsl Mədinə yolu olacağını bilirdi. Buna görə də tamamilə əks istiqamətdə yol seçdi. Bu yol Məkkənin cənubundakı Yəmən yolu idi. Bu yolla təxminən 5 mil (6 km) gedərək "Sevr" adlandırılan dağa gəldilər. Dağ hündür olduğundan oraya çıxmaq təhlükəli, dırmaşmaq da çox çətin idi. Peyğəmbərimiz (s) yanındakı yoldaşı hz.Əbu Bəkirlə birlikdə burada bir mağarada gizləndilər. Rəvayət edildiyinə görə, Sevr dağındakı bu mağara "Athal" adı ilə tanınırdı.


Bu vaxt Qureyşlilər Allah Rəsulunu (s) tapmaq üçün bütün yolları kəsdilər və silahlı adamlarla yollara nəzarəti gücləndirdilər. Süvarilər, piyadalar və izaxtaranlar bölgəni ətraflı şəkildə axtarmağa başladılar. Dağlara, vadilərə və yoxuşlara yayıldılar. Peyğəmbərimizi (s) axtaran izləyicilər mağaranın ağzına kimi gəlib çıxdılar. Peyğəmbərimiz Hz.Muhəmməd (s) həmin anda Allaha təvəkkül edirdi. Rəbbimiz Quranda bunları bildirir:


"Əgər siz ona (peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: "Qəm yemə, Allah bizimlədir!" - dediyi zaman göstərmişdi. O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı..." ("Tövbə" surəsi, 40).


Peyğəmbərimiz (s) Allahın ayəsində də bildirdiyi kimi, Allaha könüldən təslim olmuşdur və taleyinə də təvəkkül içindədir. Rəbbimiz də Peyğəmbərimizin (s) gözəl əxlaqının və təvəkkülünün əvəzində onu Öz yardımı ilə dəstəkləmiş, onun bədəninə sağlıq, güc, ürəyinə də rahatlıq və güvən hissi vermişdi.


Bəzi insanlar belə böyük bir çətinliklə səciyyələnən vəziyyəti çox səthi şəkildə və həmin anın həyəcanını hiss etmədən dəyərləndirə bilərlər. Çünki özü təhlükənin hədəfi olmayan bir insan bu ovqatı anlaya və duya bilməz. Məsələn, bir adam inkarçı düşmənləri onu axtararkən bir mağarada həyatı təhlükə altında olan Peyğəmbərimizin (s) diqqətini və sayıqlığını yaşamadan dərk edə bilməz. Bütün iman gətirənlərin bu şərtlər barədə çox ətraflı şəkildə düşünməsi, Peyğəmbərimizin (s) üstün fədakarlığını, səbrini və iradəsini lazımi qədər təqdir edə bilməsi çox mühümdür. Lakin Peyğəmbərimiz (s) həyatı boyunca bir çox hadisələrdə olduğu kimi bunda da Allahın istəyi ilə möcüzəvi şəkildə xilas olub. Rəvayətlərə görə, müşriklər təqib nəticəsində gedib çıxdıqları mağaranın girişində hörümçəyin tor qurduğunu və göyərçinin də yuva qurub yumurta qoyduğunu görəndə içəridə heç kimin olmadığını düşünərək geri qayıdıblar.


Həqiqətən də bu şərtlər nəzərə alınanda mağaranın girişindəki hörümçək torunun dağılmaması içəridə heç kimin olmadığına bir işarə kimi qəbul edilə bilər. Çünki mağaraya girilsəydi, bu tor mütləq dağılacaq və hörümçək də həmin yerdə tor qurmayacaqdı. Digər tərəfdən, göyərçinin orada olmasına da eyni mövqedən yanaşmaq lazımdır. Əlbəttə ki, bu vəziyyət hər şeyə hakim və qadir olan Allahın bir möcüzəsidir. Hörümçəyə mağaranın girişində tor qurduran, göyərçini orada rahat şəkildə yerləşdirən qüvvə Allahdır. Peyğəmbərimizə (s) və mağarada birlikdə olduğu yoldaşına heç bir xətər dəyməməsi, Allahın görünməyən əsgərlərlə ona dəstək verməsi, ürəyinə rahatlıq və əminlik hissi verməsi əlbəttə ki, böyük möcüzələrdəndir.


Təfsirlərdə hz.Məhəmmədin (s) ona verilən əsgərlərin mələklər ordusu olduğu bildirilir. Həmçinin "Tövbə" surəsinin 40-cı ayəsinin axırında Allah "...O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!", - buyuraraq bu həqiqəti bizə bildirir. Bu ayədə bildirilən möcüzəvi hadisələr "Cəlaleyin" təfsirində belə şərh edilib:


Əgər siz ona, yəni Hz.Peyğəmbərə (s) kömək etməsəniz, vaxtilə Allah ona kömək etmişdi. Küfr edənlər onu Məkkədən çıxardıqları vaxt, yəni müşriklər Darunnədvədə yığışıb öldürülməsini, yaxud həbsini və ya sürgün edilməsini istəyəndə onu Məkkədən çıxmaq məcburiyyətində qoyduqları vaxt ikinin ikincisi idi. Yəni iki nəfərdən biri idi. Digəri də hz.Əbu Bəkir idi. Burada ifadə edilməsinə çalışılan məna budur: Bu çətin vəziyyətdə Rəsuluna (s) kömək əlini uzadan Allah başqa vəziyyətlərdə də onu köməksiz buraxmaz. Həmin vaxt onlar Sevr dağındakı mağarada ikən Peyğəmbər (s) müşriklərin ayaqlarını görüb əndişələnən və Ona (s): "Onlardan biri ayaqlarının altına baxsa, bizi dərhal görəcək", - deyən yoldaşına, yəni Hz.Əbu Bəkirə "Kədərlənmə! Çünki Allah Öz yardımı ilə bizimlə bərabərdir" deyirdi. Nəhayət, Allah bir fikirə görə, hz.Peyğəmbərin (s), digər bir fikirə görə də Hz.Əbu Bəkirin üstünə rahatlıq və əmin-amanlığını göndərdi. Onu, yəni hz.Peyğəmbəri (s) görmədiyimiz əsgərlərlə, yəni mağarada və döyüş meydanlarında bir mələklər ordusu ilə gücləndirdi. Beləliklə, küfr edənlərin kəlməsini, yəni şirk mübarizəsini ən alçaq, yəni ən məğlub, Allahın kəlməsini, yəni kəlmeyi-şəhadəti isə ən yüksək, yəni üstün və qalib etdi. Allah mülkündə güclüdür. Bütün işlərində hikmət sahibidir.


Rəbbimiz Peyğəmbərimizə (s) çoxlu sayda möcüzəvi hadisə ilə kömək edib, ona mələklərlə dəstək, qəlbinə rahatlıq verib və iman gətirməyənlərin -o qədər çox sayda, hər tərəfdən əhatə etmələrinə baxmayaraq- ona zərər yetirməsinə mane olub. Bağışlayan, qoruyan, nəzarət edən Allah kömək edənlərin ən xeyirlisi və bütün gücün yeganə sahibidir.
Peyğəmbərimiz (s) də hər işində Allahın köməyi ilə uğur qazanıb. Allah Peyğəmbərimizə (s) olan köməyini ayələrdə belə xəbər verib:


"Əgər onlar səni aldatmaq istəsələr, sənə təkcə Allah kifayətdir. O Allah ki, səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi" ("Ənfal" surəsi, 62).

 


"...Əgər ona qarşı bir-birinizə kömək etsəniz, bilin ki, onun dostu və yardımçıları Allah, Cəbral, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır"
("Təhrim" surəsi, 4).

 


"...Allah Ona (dininə) yardım edənlərə şübhəsiz ki, yardım edər. Həqiqətən Allah yenilməz qüvvət, qüdrət sahibidir!"
("Həcc" surəsi, 40).

 


"Allah sənə yenilməz qələbə verəcəkdir!" ("Fəth" surəsi, 3).

 


"Sevdiyiniz başqa bir nemət də - Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver!"
("Saff" surəsi, 13).


Peyğəmbərimizin (s) üstünlüyünü lazımınca başa düşməyən inkarçılar əslində hər şeyin tək hakimi olan Allahı lazım olduğu kimi təqdir edə bilməmişlər. Allahın köməyində və himayəsi altında olan Peyğəmbərimizi (s) məğlub edə biləcəklərini düşünmələri onlar üçün əlbəttə, böyük qəflət olmuşdur. Çünki onlar sonu əvvəlcədən bilinən, özlərinin ağır məğlubiyyəti ilə nəticələnəcək bir mübarizəyə girmişdilər. Allah bir ayədə belə buyurur:


"Allah: "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" - deyə yazmışdır. Həqiqətən Allah yenilməz qüdrət, qüvvət sahibidir!" ("Mücadilə" surəsi, 21).


Allah başqa bir ayəsində isə Peyğəmbərimizə (s) heç kimin xətər yetirə bilməyəcəyini, Allahın, Cəbrailin, mələklərin və saleh möminlərin onun dostu, köməkçisi, dəstəkçisi olduğunu belə xəbər verir:


"Əgər siz Allaha tövbə etsəniz, çox yaxşı olar. Çünki qəlbləriniz əyriliyə meyl etdi. Əgər ona qarşı bir-birinizə kömək etsəniz, bilin ki, onun dostu və yardımçıları Allah, Cəbral, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır" ("Təhrim" surəsi, 4).

Geri