Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Peyğəmbərimizin (s) İran Kisrasının ölümünü xəbər verməsi

Peyğəmbərimiz (s) həyatı boyunca bir çox hökmdar və rəhbərlərə elçilər və məktublar göndərərək təbliğini onlara da çatdırmış, onları haqq və doğru olana tabe olmağa dəvət etmişdir. Tarixi mənbələrdə qeyd edildiyi kimi, bəziləri Peyğəmbərimizin (s) bu dəvətini qəbul etmiş, digərləri isə inkar etməklə müşriklərlə, münafiqlərlə və başqa kafirlərlə işbirliyi qurmuşlar. Peyğəmbərimizin (s) İslama dəvət etdiyi hökmdarlardan biri də o dövrün İran Kisrası Pərviz İbni Hörmüz olmuşdur. Hz.Muhəmməd (s) Abdullah ibn Huzeyfəni ona elçi göndərmişdi. Ancaq İbni Hörmüz Peyğəmbərimizin (s) təbliğindən üz döndərmiş və müsləmanlara qarşı düşmən kimi davranmışdı.

 

 İbni Hörmüz Allah Rəsuluna (s) iki elçi göndərib müsəlmanların ona təslim olmalarını tələb etmişdi. Peyğəmbərimiz (s) isə əvvəlcə bu iki elçini İslama dəvət etmiş, sonra isə hər ikisinə səhərisi gün qərarını bildirəcəyini söyləmişdir.79 Səhərisi gün Peyğəmbərimiz (s) elçilərə Allahın ona bildirdiyi bu xəbəri çatdırmışdır:


"Uca Allah Kisranın oğlu Şirəveyhi onun başına bəla etdi. Şirəveyh onu bu ayda, filan gecədə və gecənin də bu vaxtında öldürdü".
Peyğəmbərimiz (s) onlara həmçinin belə demişdir:
Bazana (Kisranın vasitəçi kimi elçi göndərməsini əmr etdiyi vali) deyin ki: "Mənim dinim və hakimiyyətim Kisranın mülkünün və səltənətinin gedib çıxdığı yerə qədər çatacaqdır". Yenə ona deyin: "Əgər sən müsəlman olsan, hazırda idarə etdiyin yerləri sənə verəcəyəm, səni əbnalardan (Cənubi Ərəbistanda məskunlaşan iranlılar) ibarət olacaq xalqa hökmdar edəcəyəm".


Bundan sonra elçilər Yəmənə qayıdaraq Peyğəmbərimizin (s) təbliğini vali Bazana çatdırdılar. Eşitdiklərindən çox təsirlənən Bazan bunu "Bu, hökmdar sözü deyil. Elə güman edirəm ki, bu şəxs dediyi kimi bir peyğəmbərdir" sözləri ilə ifadə etdi. Sonra da adamlarından onun necə bir şəxsiyyət olduğunu soruşdu. Peyğəmbərimizin (s) əzəmətindən çox təsirlənən elçilər: "Biz ondan daha əzəmətli və heybətli, heç bir şeydən qorxmayaraq mühafizəsiz gəzən bir hökmdar görmədik. O, xalq arasında təvazökaranə və piyada gəzib-dolaşırdı" dedilər.
Bazan bir müddət gözləyib Peyğəmbərimizin (s) Kisra haqqında dediklərinin düz çıxıb-çıxmayacağını görmək istədi. Beləliklə, Peyğəmbərimizin (s) Allahın elçisi olduğuna tam əmin olacağını bildirdi. Hədislərə və tarixi mənbələrə görə, aradan bir müddət ötəndən sonra Kisranın oğlu Şirəveyhdən Bazana belə bir məktub gəldi:


"Mən Kisranı öldürdüm. Bu məktubum sənə gələndə mənim adımdan xalqın biətini al. Kisranın sənə yazdığı şəxs haqqında da yeni bir əmrim gələnə kimi gözlə və heç bir təşəbbüs göstərmə".


Bazan və adamları Kisranın öldürüldüyü günü hesablayandan sonra bu olayın Peyğəmbərimizin (s) bildirdiyi vaxtda gerçəkləşdiyini gördülər.84 Bazan bu böyük möcüzəni görəndən sonra iman gətirdi və müsəlman oldu. Bundan sonra Yəməndə məskunlaşan əbnalar da müsəlman oldu.85 Bazan Peyğəmbərimizə (s) İran valilərindən iman gətirən ilk insan oldu.

Geri