Peyğəmbərimizin (s.ə.v) möcüzələri

İman gətirməyənlərin Peyğəmbərimizi (s) öldürə bilməməsi

Peyğəmbərimizin (s) insanları haqqa və doğru olana dəvət etməsi haqsızlıqlardan və zülmlərdən mənfəət əldə edən, məqam və mövqelərini itirməkdən qorxan bir qrup adamın Peyğəmbərimiz (s) və onun yanındakı möminlər əleyhinə müxtəlif tələlər qurmasına səbəb olmuşdu. Çünki Peyğəmbərimizin (s) söylədiyi həqiqətlər onların malik olduğu dünyəvi mənfəətlərin böyük əksəriyyətinin bir anda öz dəyərini itirməsinə gətirib çıxarırdı. Təkəbbürlü olduqları üçün də həmin günə kimi sitayiş etdikləri bütlərə bağlı qalmaqda inadla davam edir, inandıqları batil dəyərlərdən əl çəkmək istəmirdilər. Bunun əvəzində onlar Peyğəmbərimizi (s) ya öz dinindən əl çəkməyə məcbur etmək ya da öldürmək məsələsində öz aralarında müzakirə aparırdılar. İman gətirməyənlərin və müşriklərin qurduğu bu planlar barədə bir Quran ayəsində belə deyilir:


"Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxardıb sürgün etmək üçün sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!" ("Ənfal" surəsi, 30).


Ayədə də buyrulduğu kimi, Rəbbimiz tədbir tökənlərin ən xeyirlisidir və sevimli Peyğəmbərimizi (s) onların bütün hiylələrindən qoruyaraq təmizə çıxarmışdır. Allahın "...onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir" ("Ali-İmran" surəsi, 120) ayəsinin bir hökmü olaraq möcüzəvi şəkildə Peyğəmbərimizə (s.ə.v) də heç bir zərər vura bilməmişdilər.
Allah Peyğəmbərimizə (s) heç kimin maddi və mənəvi cəhətdən heç nə ilə əsla zərər verə bilməyəcəyini başqa ayələrdə belə vəd edib:


"Əgər sənə Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki, onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!" ("Nisa" surəsi, 113).

 


"Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!" ("Maidə" surəsi, 42).


Hədislərdə Peyğəmbərimizə (s) Quran əxlaqını təbliğ etməkdən əl çəkməsi üçün müşriklərin müxtəlif yollara əl atdıqları xəbər verilir. Bunlardan biri də məqam, mal-mülk, sərvət təklif edərək Peyğəmbərimizi (s) cahilcəsinə dünyəvi mənfəətlərlə mübarizəsindən əl çəkdirməyə çalışmalarıdır. Bir Quran ayəsində belə bildirilir:


"Onlar istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər!" ("Qələm" surəsi, 9).


Maddi və mənəvi hər növ təklifə baxmayaraq Peyğəmbərimiz (s) Allahın ayələrini insanlara çatdırmaq və başa salmaq məsələsində çox böyük qətiyyət, möhkəm bir xarakter nümayiş etdirmiş, ona qarşı yönələn təhdidlərə heç vaxt fikir verməmişdir. İbni Əbi Şeybə "Müsnəd"ində məkkəli müşriklərdən biri olan Utbə ibn Rabiənin Peyğəmbərimizə (s) ünvanlanan çirkin təkliflərini belə bldirir:
"...Nəyə görə ata-babalarımızın azdığını deyirsən? Əgər rəhbərlik istəyirsənsə, bayraqlarımızı sənə verək və səni özümüzə başçı seçək. Əgər mal-mülk və pul istəyirsənsə, sənə və səndən sonrakı nəslinə bəs edəcək qədər sərvət yığaq".


Peyğəmbərimiz (s) Allahın razılığını hər şeydən üstün tutmuş, Allahın mərhəmətini və cənnətini əsl mükafat kimi görmüş, çox güclü imana malik bir müsəlman olmuşdur. Heç bir dünyəvi təklif, məqam, vəzifə, pul heç vaxt ona təsir etməmişdir. Allah bu cür müqəddəs elçisi üçün dünyada da çoxlu var-dövlət və fəthlər nəsib etmişdi, Allahın axirət həyatında hazırladığı mükafat isə əlbəttə ki, daha böyük olacaqdır. Peyğəmbərimizi (s) haqq mübarizəsindən əl çəkməyə məcbur etmək üçün müşriklərin rəhbərləri müxtəlif tələlər qurub hazırlamışdılar. Lakin onlar heç bir məqsədə nail ola bilməyəndən sonra Peyğəmbərimizi (s) sürgün etmək, həbs etmək və axırda da öldürmək üçün xain planlar qurmağa başladılar. Buna görə də öz aralarında vaxtaşırı Peyğəmbərimizin (s) vəziyyətini müzakirə edirdilər. Bu tarixi həqiqət İslam mənbələrində belə qeyd edilib:


İbni İshaqın ifadəsinə görə, Qureyş qəbiləsi yığışaraq Rəsulullah (s) haqqında məsələni həll etmək üçün bir-birinə belə dedilər: "Bu adamın vəziyyətinin necə bir həddə gəldiyini görürsünüz". Bundan sonra qızğın müzakirələr başladı. Aralarından biri: "Onu bir yerə salıb həbs edək, heç kimlə görüşməyinə də imkan verməyək və ölənə kimi oradan çıxarmayaq. Ölməməsini təmin edəcək miqdarda da yeyib-içmək verək..."


Lakin bu fikrə etiraz etdilər. Belə bir hadisə iğtişaşlara gətirib çıxara bilərdi. Bu dəfə başqasının "Onu həbs etməyək, Məkkədən çıxaraq..." təklifi də müsbət qəbul edilmədi. Çünki "Muhəmməd (s) ərəblərin hər hansı bir əşirətinə gedər, gözəl sözləri ilə onları özünə cəlb edər, onları öz arxasınca aparar və bizdən intiqam alar..." deyildi. Bundan sonra Əbu Cəhl belə dedi: "Muhəmmədi (s) öldürməkdən başqa həll yolu yoxdur".


Müşriklər və iman gətirməyənlər bu xain planları tətbiq etməyə imkan verəcək maddi və mənəvi imkanlara malik olmalarına baxmayaraq bu istəklərinə heç vaxt çata bilməyiblər. Çünki Peyğəmbərimiz (s) Uca Allahın himayəsi altında hərəkət edən mübarək bir insandır. Hədislərdə Peyğəmbərimizi (s) öldürmək üçün gənc, güclü və silahlı adamların seçilib təşkil edildiyi bildirilir. Bu adamlarla yanaşı Peyğəmbərimizi (s) qılıncla öldürməyə gələn çoxlu sayda könüllü də vardı. Hədislərdə bu adamların bir yerdə, eyni anda Hz.Muhəmmədə (s) hücum edərək onu öldürmələrinin planlaşdırıldığı qeyd edilir. Bütün bunlara baxmayaraq Peyğəmbərimizi (s) öldürməyin mümkün olmaması, Allahın iman gətirməyənlərin və müşriklərin tələ və hiylələrini hər dəfə boşa çıxarması Peyğəmbərimizin (s) yaşadığı çox böyük möcüzələrdəndir.


Çox cəsur və igid bir adam olan Peyğəmbərimiz (s) qanlı döyüşlərdə də şəxsən iştirak edib, düşmənləri ilə qabaq-qabağa gəlib. Döyüşlərdə ön cəbhədə olmasına baxmayaraq onu öldürmək yenə də mümkün olmayıb və o, Allahdan bir möcüzə kimi heç bir zərərə məruz qalmadan geri qayıdıb. İnkarçılar döyüşdən kənarda bəzən əllərinə başqa fürsətlər keçsə də, yenə bu mübarək insanı öldürə bilməyiblər. Peyğəmbərimizin (s) vəzifəsini başa çatdırmadan, həm də çox böyük təhlükələrlə üzləşməsinə rəğmən ölməməsi əlbəttə, çox böyük bir möcüzədir.


Bu möcüzə ilə bağlı olaraq İbni Hənbəl Təbarani və Əbu Nuaym Cadədən (r.a.) bunu nəql ediblər:
Peyğəmbəri (s) gördüm. Yanına bir nəfər gətirilib. "Bu adam sizi öldürmək istədi" deyildi. Bundan sonra Allah Rəsulu (s) belə buyurdu: "Qorxma, qorxma! İstəsən də Allah məni sənə öldürtməzdi..."


Allahın onu qoruduğunu bilən və Ona təvəkkül edən Peyğəmbərimizin (s) döyüş meydanlarındakı qorxmazlığı və cəsarəti bütün möminlərin nümunə götürdüyü bir xüsusiyyətidir. Peyğəmbərimiz (s) Allahdan başqa heç kimdən qorxmayan, çox cəsur, çox üstün əxlaqa malik səbirli bir insan olmuşdur. O, öz fədakarlığı ilə də bütün möminlər üçün ən gözəl nümunədir. Onun fədakar və cəfakeş davranışının ən gözəl nümunələrindən biri döyüşdə möminləri münasib yerlərə yerləşdirmək üçün sübh tezdən qalxması və evindən çıxması idi:


"Sən müharibədən ötrü möminlərə əlverişli mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən ayrılıb getmişdin. Şübhəsiz ki, Allah eşidəndir, biləndir!" ("Ali-İmran" surəsi, 121).


Peyğəmbərimiz (s) şəxsən özü inkarçıların, müşriklərin və münafiqlərin hədəfində ikən və həyatı təhlükə altında olduğu halda möminlərin əmin-amanlıqda olmasına çox böyük əhəmiyyət verib. Müsəlmanları həmişə təşviq edərək, onların şövqlərinin artmasına vəsilə yenə o olmuşdur.
Mütləq gücün sahibi olan Allah Quranda: "...Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah biləndir, hikmət sahibidir!" ("Fəth" surəsi, 4) ayəsində xəbər verdiyi kimi, O, yer üzündəki bütün insanları da, orduları da Öz qüdrəti altında saxlayandır. İman gətirməyənlər Allahın sonsuz gücünü lazımınca qiymətləndirmədikləri üçün Peyğəmbərimizə (s) əl uzatmağa cürət göstəriblər. Bunun müqabilində Allah iman gətirməyənlərin Allah Rəsuluna (s) qarşı qurduqları hiylələri aradan qaldırmaq üçün Quranda "İnanmayanlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir" ("Ali-İmran" surəsi, 54) ayəsilə xəbər verildiyi kimi, ən qüsursuz sistemi qurub. İman gətirməyənlərin özləri də yaxşılığına və gözəl əxlaqına şəxsən şahid olduqları Allahın elçisi Hz.Muhəmmədə (s) qarşı gizli planlar qurarkən bunu Allahın onları eşitdiyindən və gördüyündən xəbərsiz ediblər. Beləliklə, münafiqlər və aparıcı inkarçılar əslində özlərinin ən böyük tələyə düşəcəklərini dərk edə bilməmişdilər:


"Onlar hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur. Onların hiyləsi ilə dağlar yerindən oynayan deyildir!" ("İbrahim" surəsi, 46).


Hədislərdə Peyğəmbərimizin (s) ən böyük düşmənlərindən biri olan Əbu Cəhlin Allahın elçisini öldürmək üçün həmişə fürsət axtardığı xəbər verilir. İmam Buxari bununla bağlı İbni Abbasdan bu məlumatı nəql edir:


Əbu Cəhl: "Əgər Muhəmmədi Kəbədə namaz qılarkən görsəm, onun boynunu əzəcəyəm!", - dedi. Bundan sonra Allahın Rəsulu (s) belə buyurdu: "Əgər belə bir hərəkət etsəydi, mələklər gəlib hamının gözü qarşısında onu tutacaqdılar".


İbni İshaq, Beyhaqi və Əbu Nuaym da İbni Abbasdan bu məlumatı nəql ediblər:


"Rəsulullah (s) səcdəyə gedəndə Əbu Cəhl böyük bir daş götürüb ona tərəf getdi. Daşı atmaq məqsədilə yaxınlaşanda qorxudan rəngi qaçmış, əli daşa yapışmış halda geri qayıtdı. Qorxusundan əlindəki daşı başqa yerə tulladı. Qureyşlilər bu vəziyyəti görüb "Nə oldu, nə baş verdi, danış görək", - dedilər. Əbu Cəhl onlara belə cavab verdi: "Ona yaxınlaşanda böyük bir dəvə gördüm. Ömrümdə başı və boynu bu qədər böyük olan başqa bir dəvə görməmişdim. Əgər daşı atmağa çalışsaydım, dəvə məni azı dişləriylə parça-parça edərdi. Bundan sonra Allah Rəsulu (s) belə buyurdu: "Onun gördüyü Cəbrail idi. Mənə yaxınlaşsaydı, Cəbrail onu tutub başqa bir tərəfə fırladacaqdı"".


Allahın inayəti və himayəsi altında olan mübarək bəndəsi Peyğəmbərimiz (s) əleyhinə bir çox tələlərin hazırlanmasına və bu tələlərlə üz-üzə qalmasına baxmayaraq hər dəfə Allahın vədinin eynilə gerçəkləşdiyini görüb, çətin kimi görünən hadisələri Rəbbimizin yaratdığına və Onun hər hadisəni ən xeyirli şəkildə nəticələndirəcəyinə iman gətirib. Özü heç bir ziyana məruz qalmadan təbliğat aparmaq vəzifəsinə və mübarizəsinə davam edib, Rəbbimizə həmişə etibar edib, Ona arxalanıb. Peyğəmbərimizin (s) dərin təvəkkülünün nəticəsində də Allah onu həmişə hər şeyə müvəffəq və güclü edib.

Geri