Peyğəmbərimizin (s.ə.v) möcüzələri

İnkarçıların az görünən orduları

Allahın bir möcüzəsi olaraq döyüşlərdə qalib gələnlər say etibarilə üstün və çox olanlar yox, möminlər olub. Peyğəmbərimiz (s) yanındakı möminlərlə birgə Allahın verdiyi ağıl, fərasət, uzaqgörənlik, gözəl əxlaq kimi nemətlərlə həmişə inkarçılar üzərində qələbə əldə ediblər. Bundan başqa, Allah bəzən möminləri iman gətirməyənlərin nəzərində say və güc etibarilə çox göstərdiyini, bunun da inkarçılarda vahiməyə və qorxuya səbəb olduğunu bildirib. Allah bir ayədə Peyğəmbərimizin (s) dövründə baş verən bu möcüzəni belə bildirmişdir:


“İki dəstənin qarşı-qarşıya durmasında sizin üçün ibrət var. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. Onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu, bəsirət sahiblərindən ötrü bir ibrət dərsidir” (“Ali-İmran” surəsi, 13).


“Ali-İmran” surəsindəki bu ayə “Cəlaleyin” təfsirində belə izah edilir:
“Şübhəsiz ki, döyüşmək üçün Bədirdə qarşı-qarşıya gələn iki firqədə bir ibrət var. Bir qrup Allah yolunda, Ona itaət edərək döyüşürdü. Onlar Hz.Peyğəmbər (s) və yoldaşları olub 313 nəfər idilər və onlarla birlikdə iki at, altı zireh, səkkiz qılınc vardı. Əksəriyyəti də piyada idi. Digəri isə kafirlər idi. Kafirlər 1000 nəfərə yaxın idi- müsəlmanların onlardan iki dəfə çox olduqlarını görürdülər. Allah müsəlmanlara onların sayının az olmasına baxmayaraq kömək etdi. Uca Allah isə kömək etmək istədiyi şəxsə kömək edir. Şübhə yoxdur ki, bu zikr edilən şeydə bəsirət sahibi olan insanlar üçün bir ibrət var. Bunlardan da ibrət almayacaqsınız, iman gətirməyəcəksiniz?”


İbni Kəsirin təfsirində isə eyni ayə belə izah edilir:
“Onlar digərlərinin onlardan ikiqat çox olduqlarını gözləri ilə görürdülər” ayəsi haqqında bəzi alimlər -Ibn Cəririn qeyd etdiyinə görə- deyirlər ki: Bədir günü müşriklər müsəlmanların say etibarilə onlardan ikiqat çox olduğunu görürdülər. Allah bunu müsəlmanların müşriklər üzərində qələbə qazanmasına səbəb edib. Şübhəsiz ki, burada tək bir yöndən şübhə var. Belə ki, müşriklər həmin gün döyüşdən əvvəl müsəlmanların sayını dəqiqləşdirmək üçün Ömər ibn Sədi göndərmişdilər. O da qayıdanda müsəlmanların sayının təxminən 300 nəfər olduğunu söyləmişdi. Həqiqətən də müsəlmanlar 310 nəfərdən ibarət idi. Amma müharibə başlayanda Allah müsəlmanlara 1000 mələyi köməkçi göndərmişdi.


Quranın bir çox ayəsində Allahın qorxub çəkinən bəndələrinə ən çətin və sıxıntılı kimi görünən vəziyyətlərdə Öz köməyini çatdırdığı, heç bir çarənin qalmadığı anlarda da mütləq bir çıxış yolu göstərəcəyi müjdələnib:


“...Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir...” (“Talaq” surəsi, 2-3).


Allah Quranda iman gətirməyənlərin gözündə möminləri, möminlərin də bəzən gözlərində iman gətirməyənləri sayca olduğundan az gördüklərini bildirib. Bu da Quranda Allahın möminlərə yardımı və möcüzələrindən biri olaraq bildirilir. Allahdan bir möcüzə kimi döyüş əsnasında iki ordunun bir-birini sayca az görməsində bir çox hikmətlər var. Müsəlmanların özlərindən çox olan müşrik ordusunu olduğundan az görməsi onlar üçün böyük güc və ilham mənbəyi olub. İman gətirməyənlərin isə sayca onlardan daha az olan müsəlman ordusunu daha az görmələri onları tənbəlliyə sürükləyər, onlarda, hər necə olsa, qalib gələcəkləri fikrini yarada bilər. Şübhəsiz ki, bu, Allahın açıq bir möcüzəsidir. Səbəblər çərçivəsində heç bir ordunun sayı olduğundan daha az görünməz. Bir ordu yüz min əsgərdən ibarətdirsə, bu, hər yerdən eyni cür görünər. Çoxsaylı bir ordu aşağıdan da, qarşıdan da baxılsa çox görünəcəkdir. Dolayısı ilə ordunun sayının az görünməsi fövqəladə bir vəziyyətdir. Bu hadisədəki möcüzə Allahın Peyğəmbərimizə (s) və müsəlmanlara köməyinin təzahürlərindən biridir. Allah “Ənfal” surəsindəki ayələrdə Peyğəmbərimizə (s) və möminlərə göstərdiyi köməyi belə xəbər verir:


“O zaman Allah röyanda sənə onları az göstərirdi. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi salamat qurtardı. O, həqiqətən ürəklərdə olanları biləndir! Üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır” (“Ənfal” surəsi, 43-44).


Rəbbimizin möminlərə bu köməyi Sabuninin təfsirində belə bildirilir:
Ey möminlər cəmiyyəti! Döyüşdə rastlaşdığınız dövrü xatırlayın. O vaxt onlara qarşı cəsarətiniz çoxalsın deyə Allah düşmənlərinizi gözünüzdə az göstərdi. Sizi də onların gözünə az göstərdi ki, döyüşə hazırlaşmasınlar. Bu görüntü yuxuda deyil, ayıqlıqda idi. İbn Məsud belə deyir: Bədir döyüşündə düşmən bizim gözümüzə o dərəcədə az göründü ki, mən bir adama: “Nə deyirsən, onlar yüzə yaxın varmı?”, - deyə soruşdum. Bu, döyüş başlamamışdan əvvəl idi. Döyüş başlayanda Allah möminləri kafirlərin gözünə çox göstərdi. Kafirlər çaşıb qaldılar və qorxuya düşdülər. Gücdən düşdülər və əvvəlcədən nəzərdə tutmadıqları şeyləri gördülər. Bu, Allahın həmin döyüşdəki böyük möcüzələrindən idi. Allah bunu belə etdi. Kafirlərə qarşı savaşda möminlərə cəsarət verdi. Möminlərə qarşı da kafirlərə cəsarət verdi ki,  döyüş olsun və Allah da Öz ordusuna kömək etsin, batili və batil ordunu darmadağın etsin, üstün olan Allahın kəlməsi, alçaq olan da kafirlərin sözü olsun. Bütün işlər Allaha qayıdır. Allah həmin işləri istədiyi kimi edir. Onun verdiyi hökmü heç kim poza bilməz. O, hikmət sahibidir və Ucadır.


İbn Kəsir isə “Ənfal” surəsindəki ayəni belə təfsir edir:
...Uca Allah hər iki qrupu bir-birinə qarşı təhrik edib və həvəsləri artsın deyə birini digərinin gözündə az göstərib. Bu, onlar üz-üzə gəldikləri anda olub. Döyüş qızışıb Uca Allah inananları min mələklə dəstəkləyəndə kafirlər dəstəsi iman gətirənlərin onlardan iki dəfə çox olduğunu görüncə çaşıb qaldılar. Uca Allah bu məsələdə belə buyurur: “İki dəstənin qarşı-qarşıya durmasında sizin üçün ibrət var. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. Onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu, bəsirət sahiblərindən ötrü bir ibrət dərsidir.” (“Ali-İmran” surəsi, 13).


Peyğəmbərimizin (s) dövründə müsəlmanların yaşadığı möcüzələrdən biri də insanların toplum halında onlara qarşı durmağından qorxub çəkinməmələri olmuşdur. Ayədə inkarçıların zərər vermək məqsədilə bir çox güclü adamları toplayaraq azlıqda olan müsəlmanları təzyiq altına almağa çalışdıqlarına işarə edilir. Belə çətin vəziyyətlərdə möminlər könüldən Allaha üz tutaraq Ona təvəkkül ediblər. Beləliklə, onlar Allahın himayəsi və dəstəyi sayəsində heç bir zərər görmədən böyük nemətlərlə qayıdıblar, bolluq və bərəkətə qovuşublar.
Allah Quranda möminlərin içində olduğu bu möcüzəni belə bildirir:


“O kəslər ki, xalq onlara: "Camaat sizə qarşı toplanmışdır, onlardan qorxun!" - dedikdə onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O, nə gözəl vəkildir!" - deyə cavab verdilər. Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən Allah böyük mərhəmət sahibidir”
(“Ali-İmran” surəsi, 173-174).

 

Allaha tam surətdə etibar edən və həmişə Ona təslim olan Peyğəmbərimiz (s) və onunla birlikdə olan möminlər həmişə Quran əxlaqına uyğun yaşamışlar, hər işdə Allahın razılığını qazanmağı qarşılarına məqsəd qoymuşlar. Bunun əvəzində də onlar Allahdan gələn əmin-amanlıq və rahatlıq hissinə qovuşmuş, ən çətin şərtlər daxilində də böyük sərvət və qənimətlər əldə edərək gözəl bir həyat yaşamışlar.

Geri