Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Quranın ədəbi baxımdan üstünlüyü Allahın bir möcüzəsidir

Allah bir ayədə Quran haqqında belə buyurur:


"And olsun ki, Biz Quranı (ondan) ibrət almaq, öyüd-nəsihət qəbul etmək üçün belə asanlaşdırdıq..." ("Qəmər" surəsi, 22).


Bu qədər asan başa düşülən bir üsluba malik olmasına baxmayaraq Rəbbimizin böyük möcüzələrindən biri kimi Quranın təqlidi heç bir cəhətdən mümkün olmayıb. Açıq-aşkar dəlillərə baxmayaraq şübhəyə düşüb Peyğəmbərimizə (s) böhtan atanlara Allah "əgər doğru deyirsinizsə, Peyğəmbərimizə (s) gələn ayələrin oxşarını gətirmələrini" buyurmuşdur:


"Yoxsa: "Onu özündən uydurdu!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da köməyə çağırın!"" ("Yunis" surəsi, 38).


Bu qətiyyən mümkün olmasa da, iman gətirməyənlər öz zəif ağılları ucbatından bunun asan olduğunu fikirləşə bilərdilər. Çünki Ərəbistanda şeir və ədəbiyyat çox inkişaf etmişdi. Xalqın arasında şairlər və ərəb dilini çox gözəl bilib ondan yaxşı istifadə edən fasih (yaxşı söz demək qabiliyyəti olan, natiq) və bəliğ (öz məqsədini düzgün və məharətlə ifadə edən) insanlar vardı. İslam alimlərindən birinin də qeyd etdiyi kimi, qəbilənin ədibi (gözəl sənətli söz söyləyən) onların nəzərində ən böyük milli qəhrəman kimi qəbul edilirdi. Ədəbiyyata və bəlağətə (gözəl sözə) verdikləri əhəmiyyətə görə "Muallaqatı-Səba" (Yeddi asılan) adı ilə yeddi ədibin yeddi qəsidəsini qızıl hərflərlə yazıb Kəbənin divarına asırdılar. Bəziləri də Ukazdakı yarmarka kimi böyük yığıncaqlarda camaat qarşısında çıxışlar edirdilər. "Bədəvi" adlandırılan kəndlilər də şəhərdəki şairlərin səviyyəsində şeirlər deyir və xütbələr söyləyirdilər. Qafiyəli, qafiyəsiz söylədikləri şeir və çıxışlar ilə insanlara təsir edə bilirdilər


Belə fəsahətin (bir dilin doğru şəkildə, asan və düz söylənməsi və yazılması, əcnəbi və az işlədilən sözlərin olmaması) və bəlağətin (fikrin düzgün şəkildə və təmtəraqlı sözlərlə bəzədilərək söylənməsi) inkişaf etdiyi bir dövrdə Allah Quranı Peyğəmbərin (s) qəlbinə göndərdi. Ədəbi cəhətdən inkişaf edən bu insanların Qurandakı ədəbi möcüzəni dərk etmələri -daxillərindəki təkəbbür və əzəmətləri səbəbi ilə inkar etməkdə israr edənlər olsa da- əlbəttə ki, çox qısa müddətdə baş verdi.


Quran insanlara hidayət vəsiləsi olacaq bütün hadisələri əhatə edən, onlara özlərini və öz nəfslərini tanıdan, keçmişə və gələcəyə dair heç bir insanın və ya cinin bilə bilməyəcəyi məlumatları verən, içində qeyd edilən sayların, tarixlərin hamısının doğru olduğu Uca Allahın vəhyidir. Quran tayı-bərabəri olmayan ədəbi zənginliyə malikdir. Quranın möcüzəsi o qədər böyükdür ki, Allah Peyğəmbərimizə (s) Qurana qulaq asmayanlara və lovğalananlara belə deməsini əmr edib:


"De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər. Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı" ("İsra" surəsi, 88-89).

 


"Yoxsa; "Onu özündən uydurdu!" deyirlər. De: "Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və Allahdan başqa kimi bacarırsınızsa, onu da köməyə çağırın. Yox, əgər sizə cavab verməsələr, bilin ki, o, ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir tanrı yoxdur! Bütün bunlardan sonra İslamı qəbul etməzmisiniz?"" ("Hud" surəsi, 13-14).

 


"Yoxsa: "Onu özündən uydurdu!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa kimə gücünüz çatırsa, onu da çağırın!" Xeyr, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlib çatmamış Quranı yalan hesab etdilər. Onlardan əvvəlkilər də təkzib etmişdilər. Bir gör zalımların axırı necə oldu!" ("Yunus" surəsi, 38-39).


İman gətirməyənlər Quranın mükəmməlliyi qarşısında həmişə aciz və çarəsiz qalmağa məhkumdurlar. Heç bir insan Quranın oxşarını gətirə bilməyib və qiyamətə kimi də bunun olması mümkün deyil. Peyğəmbərimizin (s) öz aləmlərində haqlı olmadığını göstərməyə çalışanların və Quranın təbliğ edilməsinin qarşısını almaq üçün hiylələrə əl atanların məkrli planları Rəbbimizin bir neməti kimi puça çıxarılmışdır.


Peyğəmbərimiz (s) ərəblərin ədəbi yöndən dili ən gözəl və dəbdəbəli şəkildə işlədən güclü natiqlərinə, ən məşhur şairlərinə, ən yaxşı danışanlarına Qurani-Kərimlə ən hikmətli cavablar vermişdir. Həm də təkbaşına çoxlu sayda ədibə, natiqə Rəbbimizin mərhəməti ilə üstün gəlmişdir. Heç şübhəsiz ki, bu, Rəbbimizin Qurani-Kərimdə təcəssüm etdirdiyi bənzərsiz ədəbi gözəllikdən, hikmətdən, təsirli olmaqdandır və Uca Allahın möminlərə bir köməyidir. Məkkəli müşriklər Peyğəmbərimizin (s) onlara oxuduğu Quran ayələri qarşısında böyük heyranlıq yaşayıblar, ancaq onların bəziləri vicdanları qəbul etdiyi halda qürurlarına üstün gələ bilməyərək, inkarçılıq yolunu seçiblər. "Bəqərə" surəsinin 23 və 24-cü ayələrində belə buyurulur:


"Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı şahidlərinizi çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və kibrit daşlarından ibarət olan oddan çəkinin!" ("Bəqərə" surəsi, 23-24).


İslam alimlərindən biri bu ayələri belə izah edir:


"...O bəlağət və fəsahətin (gözəl söz söyləmək sənətinin) imamları olan ərəb ədibləri bir kəlmə də olsa çıxıb söz söyləyə bilmədilər. Halbuki təkəbbür və qürurlarının, özünəvurğunluq və lovğalıqlarının ucbatından gecə-gündüz çalışıb Qurana cavab verməliydilər ki, aləmdə rüsvay olmasınlar. Quranın bir oxşarını gətirməkdə aciz olduqları üçün susmağa məcbur oldular. Əgər mübarizə aparmaq mümkün olsaydı, bir-iki sətirlə Quranın mübarizəsini ləğv etmək kimi asan bir çarə olduğu halda, ən çətin və ən təhlükəli döyüş yolunu seçərdilərmi? Cahızın ifadəsi ilə desək, hərflə mübarizə aparmaq mümkün olmadığı üçün qılıncla mübarizə aparmağa məcbur oldular və qılınca sarıldılar. Digər insaflı qismi isə Quranın qarşısında hörmətlə əyilərək iman gətirdilər. Bəlağətlə məşğul olan bu insaflı ədiblər diz çöküb heyrət içində Qurana qulaq asdılar. Şair və natiqlər Qurana heyran qalıb qızıl xətlə yazılaraq Kəbənin divarlarına asılan şeirlərini oradan götürdülər. Quran qeybdən xəbər verdiklərini iddia edən kahinləri və sehrbazları da susdurdu. Onların qeyblə bağlı xəbərlərini onlara unutdurdu, cinlərini qovdu. Keçmiş tayfa və ümmətlərin xəbərlərini bilənləri xurafatlardan və yalanlardan xilas edib onlara həqiqi xəbər və hadisələri və dünyaya aid bilgiləri öyrətdi. Bu dörd təbəqə Quran qarşısında heyrət və hörmətlə diz çökərək ona tələbə oldular. Heç biri, heç vaxt bircə surə ilə mübahisəyə girişmədi".


Özlərindən olan, illərlə birlikdə yaşadıqları Peyğəmbərimizə (s) möhtəşəm bir kitabın göndərilməsi təkəbbürlü inkarçıları heyrətə salmış, sonra da haqsız yerə nifrət bəsləmələrinə səbəb olmuşdu. Buna görə də onlar zalımcasına və ağılsızcasına Peyğəmbərimizə (s) maddi-mənəvi zərər vermək üçün mübarizəyə başlamışdılar. Peyğəmbərimizin (s) bütün həyatına, gözəl əxlaqına şahid olduqları halda, onun əleyhinə birləşmişdilər. Allah onların bu zalım davranışlarını Quranda belə xəbər vermişdir:


"Onlar öz içərilərindən özlərinə qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: "Bu, yalançı bir sehrbazdır!" ("Sad" surəsi, 4).

 


"İçərilərindən bir adama: "Insanları qorxut, iman gətirənləri Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, aşkar bir sehrbazdır!" - dedilər" ("Yunus" surəsi, 2).


Peyğəmbərimiz (s) kimi mübarək, Allahın yanında seçilən və gözəl əxlaqlı bir insana müxtəlif böhtanlar atanlar həqiqətdə onun üstün əxlaqına şəxsən şahid idilər. Hz.Muhəmmədin (s) verdiyi sözlərə sədaqəti, vəfası, dürüstlüyü, doğruculluğu, imkansıza və yetimlərə yaxşılıq etməsi, yardımsevər olması, qayğıkeşliyi, xeyirxahlığı, insanlara münasibəti həmişə bu böhtançıların gözlərinin qabağında olmuşdu. Onun şəxsiyyətinin üstün cəhətləri və əxlaqi gözəllikləri tayfasının diqqətini həmişə çəkmiş, hər kəsin ən etibar etdiyi, ən çox sevdiyi və çox hörmət göstərdiyi insan olmuşdu. İmam Qəzzali Peyğəmbərimizi (s) görənlərin onun əsil, saf və üstün əxlaqına, dərin imanına necə şahid olduqlarını belə bildirib:


"Bil ki, Rəsulullahın (s) vəziyyətini görən, onun əxlaqını, davranışını, hal və hərəkətlərini bildirən xəbərlərə qulaq asan, adətlərini, xüsusiyyətini, bütün insanlara qarşı olan doğru siyasətini, insanların xeyrinə olan hidayətini, xalq təbəqələrini bir yerə yığmasını və nəhayət hamısını birdən öz itaətinə ram etməsini (təslim olmaq, itaət etmək) dinləyən bir şəxs, bəli, bunlarla birlikdə sualların məhdudluğuna baxmayaraq verdiyi heyrətamiz cavablara, xalqın məsləhətində işlədilmiş tədbir və üsullara, faqih (dərin və incə anlayış) və ağıllıların uzun yaşamalarına rəğmən başlanğıcının incəlikləri qarşısında aciz qaldıqları, ilahi nizam-intizamın zahiri təfsirindəki (Allahın nizamında, xaricdən görünən mənalarını anladan) gözəl işarələrini hekayə edən dəlillərə baxan bir adamın zənni və şübhəsi qalmaz ki, bütün bunlar bəşəri qüvvənin gücü ilə meydana gəlmiş şeylər deyil. Bəlkə bunlar ancaq Ilahi bir güc və səmavi bir dəstəyin (Allahdan gələn dəstəyin) yardımı ilə təsəvvür ediləcək məsələlərdir.


Səhrada yaşayan və onu tanımayan ərəblər də onun ancaq üzündəki nura baxaraq onun şərəfli əxlaqına, onun doğruluğuna şahidlik edərdi. Madam ki, onu tanımayan və onunla görüşməyən bir adam ancaq onun zahiri görünüşünə baxaraq bu cür şahidlik edir, əcəba, özünü və mübarək əxlaqını görən, çıxış və girişlərində onun bütün vəziyyətlərini izləyən bir adamın ona qarşı halı necə ola bilər?"14
Peyğəmbərimizin (s) gözəl əxlaqı heç bir insanın inkar edə bilməyəcəyi, görməzliyə vura bilməyəcəyi qədər üstündür. O, Quranda bildirilən və Allahın bəyəndiyi əxlaqa tam malikdir. Bütün alimlərə nümunə və rəhbərdir. İslami mənbələrə görə, Peyğəmbərimizə (s) öz aləmində dili ilə əziyyət verməyə çalışan insanlardan biri olan Nadr b. əl-Haris daha sonra müşriklərin tanınmış adamlarını bir gün bir yerə yığaraq Allahın bu mübarək elçisini onlara belə tanıtmışdı:


"Ey Qureyş camaatı. And olsun ki, bu günə kimi başınıza gəlməyən bir işlə qarşılaşdınız. Muhəmməd (s.ə.v) aranızda balaca bir uşaq olarkən də ən çox sevdiyiniz, ən düz danışanınız və əmanətə ən çox riayət edəniz idi. Saçlarına ağ düşüb (Allahın) Kitabını gətirəndən sonra ona "sehrbaz" dediniz. And olsun ki, o, sehrbaz deyil. Biz çox sehrbazlar görmüşük. Onların düyünlərə necə üfürdüyünün də şahidi olmuşuq. Sonra ona "kahin" dediniz. And olsun ki, o, kahin də deyil. Çoxlu kahinlər görmüşük və onların vəziyyətlərinə də vaqif olub sözlərini eşitmişik. Sonra ona "şair" dediniz. And olsun ki, o, şair də deyildi. Neçə-neçə şeirlər əzbərlədik. Şeirin həzəcini (əruz vəznində bir ölçü), rəcəzini (əruz vəznində bir bölüm), qısası, hər cürünü də görmüşük." "Məcnun" dediniz. And olsun ki, o, dəli də deyil. Onda heç ürəkgetmə, ağlına nə gəldi danışma və dəlilik etmək əlaməti varmı? Ey Qureyş camaatı, bunu yaxşı fikirləşin və belə qərar verin..."

Geri