Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Peyğəmbərimizin (s) yağış dualarının qəbul edilməsi

Peyğəmbərimiz hz.Muhəmməd (s) bütün başqa peyğəmbərlər kimi Allaha bağlı olan, dərin iman sahibi olan, Allahdan şiddətlə qorxub çəkinən ixlaslı bir bəndədir. Rəbbimiz Peyğəmbərimizin (s) səmimi dualarını qəbul edib. Səhabələr və onun ətrafındakı insanlar bu səbəblə müxtəlif möcüzələrə şahid olublar. Məsələn, Peyğəmbərimizin (s) yağış və bərəkət üçün etdiyi duaların Rəbbimiz tərəfindən qəbul olunması hədislərdə ətraflı şəkildə xəbər verilib.


Buxari və Müslimin Ənəs (r.ə.)-dən nəql etdikləri hədis belədir:
"Allah Rəsulunun (s) vaxtında bir quraqlıq yaşadıq. Rəsulullah (s) minbərdə olarkən bir bədəvi gəlib: "Ey Allahın Rəsulu, mallar məhv oldu, uşaqlar ac qaldı. Nə olar, bizim üçün Allaha dua et!" Bundan sonra Allah Rəsulu (s) əllərini qaldırdı. Göydə heç bir bulud görmürdük. Nəfsim əlində olana and olsun ki, əllərini aşağı salar-salmaz dərhal dağlar kimi buludlar göründü. Minbərdən enməmiş mübarək saqqalından suyun axdığının şahidi olduq. Həmin gün gözəl yağış yağdı. Ertəsi gün və ondan sonrakı gün də yağdı..."


Bu məsələ ilə bağlı başqa hədislərdə bunlar bildirilir:

"Allah Rəsulu (s) səhər vaxtı məsciddə ayağa durub üç təkbir gətirdi və belə dua etdi: "Allahım! Bizə yağış yağdır! -üç dəfə- Allahım, ruzi kimi bizə yağ, süd, piy və ət ver!"


Göydə heç bir bulud görmürdük. Birdən külək əsdi, buludları qovub gətirdi. Buludlar toplaşandan sonra yağış yağdı. Bazardakı adamlar (sevincdən) qışqırdılar. Allah Rəsulu (s) hələ ayaq üstə idi. Yollar sel kimi yağış suyu ilə doldu. Həmin il bu qədər süd, yağ və ət görməmişdim".


Cümə günü bir nəfər minbərə baxan qapıdan məscidə daxil oldu. Rəsulullah (s) ayaq üstə idi və xütbə oxuyurdu. Həmin adam Allah Rəsuluna (s) belə dedi:
- Ey Allahın Rəsulu, mallarımız məhv oldu. Yollar quraqlıqdan parça-parça oldu. Allaha dua et, bizə yağış yağdırıb köməyimizə çatsın!
Bundan sonra Allah Rəsulu (s) mübarək əllərini qaldırıb belə dua etdi: "Allahım, bizə yağış ver! Allahım, bizə yağış göndər!"
Ənəs (r.a.) belə dedi: "Xeyr, Allaha and olsun, göydə nə bulud, nə də hər hansı bir şey görürdük. Ev, həyət və Sel (Mədinədə bir dağın adıdır) arasında da heç nə yox idi. Bundan sonra qalxan kimi bir bulud gəldi, göyün ortasına çatanda yayıldı və sonra yağış başladı".
Əbu Nuaym Aişədən (r.ə.) rəvayət edərək belə demişdir:

Geri