Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Peyğəmbərimizin (s) sual verilməmişdən əvvəl cavablandırması

Quranda hz.İsanın Allahın icazəsi ilə insanların "yediklərini və yığıb gizlətdiklərini" xəbər verdiyi ("Ali-İmran" surəsi, 49), hz.Yusifin isə lbir yemək gəlməmişdən əvvəl onu xəbər verəcəyi" ("Yusuf" surəsi, 37) bildirilmişdir. Bu möcüzələr Allahın Öz peyğəmbərlərinə olan bir lütfü və nemətidir. Hədislərdə xəbər verildiyinə görə, Peyğəmbərimiz (s) də Allahın ona verdiyi bir möcüzə kimi ondan bir şey soruşulmamışdan əvvəl bu suala cavab vermiş və insanların ürəyindən keçirdiklərini bilmişdir. Məsələn, hədislərdə bildirildiyinə görə, Peyğəmbərimiz (s) nə vaxt və hansı yerlərin fəth ediləcəyini səhabələrə xəbər verirdi. Yenə hədislərdən öyrəndiyimizə görə, Peyğəmbərimiz (s) evə gələcək adamları onlar gəlməmişdən əvvəl, otağa daxil olacaq adamları da girməmişdən əvvəl bilirdi. Bir adam göndərildiyi yerdən gec gələndə onun gecikməyinin səbəblərini həmin adama dərhal bildirirdi. Peyğəmbərimiz (s) həmçinin münafiq zehniyyətli insanları, müsəlmanlara pislik etmək istəyən insanları, içindən pis fikirlər keçirənləri dərhal tanıyırdı.


Hədislərdə bu möcüzələrlə bağlı yüzlərlə misal verilir. Bir hədisdə Peyğəmbərimiz (s) Əbu Süfyanın ürəyindən keçirdiklərinə belə bir cavab vermiş və Əbu Süfyan da bu vəziyyət qarşısında bu mübarək insanın peyğəmbərliyinə şahidlik etdiyini söyləmişdir:
Əbu Süfyan məscidin bir tərəfində oturmuşdu. Bir gün Rəsulullah (s) paltarına bürünərək evindən çıxdı. Əbu Süfyan oturduğu yerdə: "Qəribədir, bu, nə ilə bizi məğlub etdi" deyə ürəyindən keçirdi. Allah Rəsulu (s) Əbu Süfyanın yanına gəlib əliylə onun kürəyinə vurdu və: "Səni Allahla məğlub etdim", - dedi. Əbu Süfyan: "Sənin Allahın Rəsulu olduğuna şahidlik edirəm", - dedi.
Peyğəmbərimizin (s) insanların ürəyindən keçənləri bilib buna uyğun cavablar verməsinə daha bir misal isə Vabısa ilə bağlı olan hədisdir:
Rəsulullahın (s) yanına getdim. Niyyətim yaxşılıq və günahla bağlı ondan hər şeyi soruşmaq idi. Onu müsəlmanlar əhatələmişdi. Elə hey suallar verir və cavab verməyini istəyirdilər. Onları yara-yara qabağa keçmək istədim.


- "Allah Rəsulundan uzaq dayan, ey Vabısa", - dedilər. Onlara belə dedim:
- "İmkan verin, mən ona əməllicə yaxınlaşım. Yaxın olmaq istədiyim insanların ən sevimlisi odur!"
- "Buraxın Vabısa gəlsin", - deyə buyurdu. İki və ya üç dəfə də mənə xitabən:
- "Yaxınlaş, ey Vabısa", - dedi. Nəhayət, yaxınlaşıb qarşısında oturdum. Mənə belə buyurdu:
- "Ey Vabısa, sənə mən xəbər verim, yoxsa sən məndən soruşursan"?
- "Sən mənə xəbər ver", dedim.
Belə buyurdu:
- "Yaxşılıq və günah haqqında soruşmaq üçün gəldin, elə deyilmi?"
- "Bəli", - dedim. Bundan sonra barmaqlarının uclarını birləşdirib sinəmə vuraraq belə buyurdu:
- "Ey Vabısa, ürəyinlə məsləhətləş, özünlə danış! - insanlar sənin barəndə bir qərar versələr də, verməsələr də yaxşılıq öz ürəyinin yatdığı şeydir, günah isə ürəyi narahat edən, sinədə gəzib dolaşan şeydir".
Hədisdə də bildirildiyi kimi, Rəbbimizin bir neməti olaraq Peyğəmbərimizin (s) hələ sual verilməmişdən əvvəl ondan soruşulacaq sualları bilməsi və buna uyğun cavablar verməsi idi. Peyğəmbərimizin (s) qarşısındakı adamın niyyətini, fikirlərini başa düşdüyünə dair başqa bir misal isə Əbud Dərdanın müsəlman olması ilə bağlı hədisdir:
Əbud Dərda bir bütə sitayiş edirdi. Abdullah ibn Rəvaha ilə Əbu Sələmə gedib həmin bütü sındırdılar. Əbud Dərda gəlib bütü bu vəziyyətdə görəndə özünü belə deməkdən saxlaya bilmədi: "Yazıq, özünü də müdafiə edə bilmədinmi?"


Sonra Peyğəmbərin (s) yanına gəldi. İbni Rəvaha yolda onu gördü və belə dedi: "Budur, Əbud Dərda bizi axtarmaq üçün gəlib". Allah Rəsulu (s) da belə buyurdu: "Xeyr, müsəlman olmaq üçün gəlir. Rəbbim Əbud Dərdanın müsəlman olacağını vəd etdi".
Yuxarıda qeyd etdiyimiz bütün misallar Peyğəmbərimiz Hz.Muhəmmədin (s) bizə Allahın izni və istəyi ilə bir çox möcüzələr göstərdiyini sübut edir. Peyğəmbərimiz (s) özünün üstün əxlaqı, Allah qorxusu, dərin imanı, təvəkkülü və səmimiyyəti ilə müsəlmanlara çox gözəl bir nümunə olub, möcüzələri ilə də iman gətirənlərin şövqünün və duyğularının daha da güclənməsində bir səbəb olmuşdur.

Geri