Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Bizansın qələbəsi

Quranda gələcək haqqında verilən xəbərlərdən biri "Rum" surəsinin əvvəlindəki ayələrdə yer alır. Bu ayələrdə Bizans imperatorluğunun bir məğlubiyyətə məruz qaldığı, amma çox qısa bir müddətdən sonra onun yenidən qalib gələcəyi belə bildirilib:


"Əlif, Lam, Mim! Rumlular (bizanslılar) məğlub oldular. Dünyanın ən aşağı yerində. Lakin onlar məğlubiyyətlərindən sonra qalib gələcəklər. Üç-doqquz il arasında... Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər" ("Rum" surəsi, 1-4).


Bu ayələr xristian rumların 613-614-cü illərdə bütpərəst iranlılara çox ağır şəkildə məğlub olmasından təxminən 7 il sonra - 620-ci illərdə göndərilmişdi.
Ayələrdə Bizansın çox yaxın vaxtlarda qalib gələcəyi xəbər verilirdi. Halbuki həmin vaxt Bizans o qədər itki vermişdi ki, onun yenidən qalib gəlməsi hələ bir tərəfə dursun, özünün hətta ayaq üstə qalması imkan xaricində olan məsələ kimi görünürdü. İranlılar bizanslıları 613-ci ildə Antakyada məğlub edərək qələbələrini Şam, Kilikiya, Tarsus, Ermənistan və Qüdsü ələ keçirməklə davam etdirmişdilər. Xüsusilə 614-cü ildə Qüdsün əldən çıxması, Müqəddəs Məzar Kilsəsinin dağıdılması bizanslılara ağır zərbə olmuşdu.


O dövrdə təkcə iranlılar deyil, həm də avarlar, slavyanlar və lombardlar Bizans imperatorluğu üçün böyük təhlükə idi. Avarlar İstanbul qapılarına qədər gedib çıxmışdılar. Bizans kralı Herakl ordunun xərcini ödəyə bilmək üçün kilsələrdəki qızıl və gümüş bəzək əşyalarını əridib pula çevirməyi əmr etmişdi. Hətta bunlar da kifayət etmədiyindən pul əldə etmək üçün bürünc heykəllər də əridilmişdi. Valilərin əksəriyyəti Herakla qarşı üsyan qaldırmış, imperatorluq parçalanmaq həddinə gəlib çatmışdı. Əvvəllər Bizans torpağı olan Mesopotamiya, Kilikiya, Suriya, Fələstin, Misir və Ermənistan bütpərəst iranlıların işğalı altına düşmüşdü.


Qısası, hamı Bizansın məhv olmasını gözləyirdi. Lakin bu dövrdə "Rum" surəsinin ilk ayələri vəhy edildi və Bizansın uzağı 9 il ərzində iranlılara təkrarən qalib gələcəyi xəbər verildi. Bu qalibiyyət o qədər uzaq, o qədər qeyri-mümkün görünürdü ki, ərəb müşrikləri də Quranda xəbər verilən bu zəfərin heç vaxt baş verməyəcəyini fikirləşirdilər. Ancaq Quranın bütün xəbərləri kimi bu da şübhəsiz ki, baş verdi. 622-ci ildə Herakl Ermənistanı işğal edib iranlıları məğlub edərək müxtəlif qələbələr qazandı. 627-ci ilin dekabr ayında Bağdadın yaxınlığında, Dəclə çayının 50 km şərqində yerləşən Ninova xarabalıqlarından azca aralıda Bizans və Sasani imperatorluqları arasında böyük müharibə oldu. Bu dəfə rumlular iranlıları məğlub etdilər. Bir neçə aydan sonra isə iranlılar işğal etdikləri yerlərin Bizansa qaytarılması barədə bağlanmış müqaviləyə qol çəkmək məcburiyyətində qaldılar.


Rumluların qələbəsi 630-cu ildə imperator Heraklın Sasani hökmdarı II Xosrovu məğlub edərək Qüdsü geri qaytarması və Məzar Kilsəsinin yenidən xristianların nəzarəti altına keçməsi ilə nəticələndi.
Beləliklə, Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin (s) insanlara təbliğ etdiyi "rumluların qalibiyyəti" ayədəki "üç-doqquz il arasında" ifadəsi ilə diqqət çəkilən vaxt aralığında və möcüzəvi bir şəkildə baş verdi.
Bu ayələrdə yer alan başqa bir möcüzə isə coğrafiya ilə bağlı olan və həmin dövrdə heç kimin bilə bilməyəcəyi bir həqiqətin xəbər verilməsidir.


"Rum" surəsinin 3-cü ayəsində rumluların "dünyanın ən aşağı yerində" məğlub edildikləri bildirilir. Ərəb dilində "ədna əl-ard" olan bu ifadə Quranın bəzi tərcümələrində "ən yaxın bir yer" kimi də verilir. Ancaq bu tərcümə əsl ifadənin tam əvəzi deyil, onun məcazi bir şərhidir. "Ədna" kəlməsi ərəb dilində "aşağı" demək olan "dəni" kəlməsindən törəyib və "ən aşağı" mənasını daşıyır. "Ard" isə "yer üzü, dünya" deməkdir. Dolayısı ilə "ədna əl-ard" ifadəsi "dünyanın ən aşağı yeri" mənasını verir.
Bəzi təfsirçilər sözügedən ərazinin ərəblərə yaxınlığını nəzərə alaraq kəlmənin "ən yaxın" mənasını qəbul ediblər. Ancaq kəlmənin əsl mənası Quranın göndərildiyi dövrdə heç kimin bilmədiyi və bilməsi də mümkün olmayan çox mühüm bir geoloji reallığa işarə edir. Çünki dünyanın ən aşağı yerini müəyyən etməyə çalışanda görəcəyik ki, bu nöqtə məhz rumluların 613-614-cü illərdə məğlub olduqları yerlərdən biri olan Ölü Dənizin (Dead Sea, Lut gölü) sahilləridir. Bu məğlubiyyətin ən ağır zərbəsi isə əvvəl də qeyd etdiyimiz kimi, xristianlığın rəmzi sayılan Ölü Dənizin yaxınlığındakı Qüdsün itirilməsidir.


Ölü Dəniz isə dəniz səviyyəsindən 399 metr aşağıda yerləşir və yer üzünün lən aşağı" bölgəsidir.
Burada ayrıca diqqət yetirilməli olan digər mühüm məsələ Ölü Dənizin ölçülərinin və fiziki-coğrafi parametrlərinin, yəni onun dərinliyinin, dəniz səviyyəsindən aşağı-yuxarı olmasının yalnız müasir dövrdəki texniki vasitələrin köməyi ilə dəqiqləşdirilməsidir. Əvvəllər heç kim Ölü Dənizin dünyanın ən aşağı yeri olduğunu bilmirdi və bunu bilməsi də mümkün deyildi. Lakin bu bölgə Quranda "dünyanın ən aşağı yeri" kimi təqdim edilir. Bu məlumat Quranın Allahın sözü olmasının başqa bir dəlilidir və Allahın Peyğəmbərimiz Hz.Muhəmmədə (s) nəsib etdiyi çox böyük bir möcüzədir.

Geri