Peyğəmbərimizin (s.ə.v) möcüzələri

Peyğəmbərimizin (s) Ayı iki yerə bölməsi

Peyğəmbərimizin (s) möcüzələrindən biri də Ayın yarılması hadisəsidir. Allah bu möcüzəvi hadisəni Quranda bildirmiş və bu böyük möcüzə ilə bağlı çoxlu sayda hədislərdə qeyd edilmişdir. "Qəmər" surəsində belə bildirilir:


"Saat (qiyamət saatı) yaxınlaşdı və Ay parçalandı. Əgər müşriklər bir möcüzə görsələr, üz döndərib: "Bu, uzun müddət davam edən bir sehrdir!" - deyərlər. Onlar təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır!" ("Qəmər" surəsi, 1-3).


Ayədə qeyd edilən "inşiqaqı-qəmər" ifadəsi "inşiqaq" və "qəmər" sözlərindən meydana gələn bir ifadədir. "İnşiqaq"ın törətdiyi feilin ərəb dilindəki kökü "yarmaq, dişin əti, bitkinin torpağı yarıb çıxması" kimi mənaları verir. "İnşiqaq" sözü isə "yarılmaq, parçalanmaq, bölünmək" mənalarına gəlir. "Sirət" ensiklopediyasında Ayın yarılması möcüzəsi ilə bağlı bütün hədislərdən çıxarılan bu qısa xülasə belə izah edilmişdir:


Mədinəyə hicrətdən beş il əvvəl, hicri təqvimindəki ayın 14-cü günü bir axşam vaxtı idi. Və həmin vaxt yeni çıxan Ay birdən-birə iki yerə bölündü. Bir hissəsi qarşıdakı təpənin bir tərəfinə, ikinci hissəsi də digər tərəfinə düşdü. Bu, bir saniyəlik hadisə idi. Sonra Ayın hər iki tərəfi birləşdi. Hz.Peyğəmbər (s) həmin əsnada Minada idi. Hz.Peyğəmbər (s) orada olanlara səslənərək "Baxın və şahid olun!" dedi. Kafirlər Hz.Muhəmmədin (s) onları sehrlədiyini iddia etdilər və buna görə də gözlərinin yaxşı görmədiyini söylədilər. Orada olanlar: "Muhəmməd (s) bizi sehrləyə bilər, amma burada olmayanları yox. Bir az da gözləyin, bu tərəfə gələnlərdən soruşaq. Görək, onlar bu hadisəni görüblərmi?" Uzaqdan gələnlər də bu hadisəyə şahid olduqlarını təsdiq etdilər.


Ayın yarılması möcüzəsi başda Buxari və Müslim olmaqla, Tirmizi, Əhməd ibn Hənbəl, Əbu Davud ət-Təyalisi, Hakim ən-Nisaburi, Beyhaqi, Əbu Nuaym əl-Isfahani və Qazi Iyaz kimi böyük hədis alimlərinin əsərlərində də qeyd edilmişdir.31 Bu hədislərdən bəziləri belədir:


...Abdullah ibn Məsud (r.a.) belə buyurmuşdur: "Biz Minada Peyğəmbərlə (s) birlikdə olarkən Ay iki yerə bölündü. Peyğəmbər (s): "Şahid olun!" buyurdu. Və Aydan bir hissə Hira dağı tərəfə endi".


Əbud Duha Müslim ibn Subayh da Məsruqa, o da Abdullah ibn Məsuda istinadən: "Ay Məkkədə iki yerə bölündü" deyə söyləmişdir...
Abdullah ibn Abbasdan (r.a.): "Rəsulullahın (s) zamanında Ay iki yerə bölündü" - deyərək hadisəni danışmışdır.
...İbrahim ən-Nəhai Əbu Mamərdə nəql edib ki, Abdullah ibn Məsud (r.a.) "Ay iki yerə ayrıldı" demişdir.
Buxari və Müslim İbni Məsuda istinadən (r.a.) belə nəql etmişlər:


"Rəsulullahın (s) dövründə Məkkədə Ay iki yerə bölündü. Allah Rəsulu belə buyurdu: "Baxın və şahid olun!"".
Ayın yarılması hadisəsinin Məkkədə baş verdiyi hədislərdə açıq şəkildə bildirilmişdir. Bundan başqa, məkkəlilərin bu möcüzənin baş verməsini Peyğəmbərimizdən (s) şəxsən istədikləri də hədislərdə göstərilmişdir:


Buxari və Müslim Ənəsdən (r.a.) bunu nəql ediblər: "Dedi ki: "Məkkəlilər Allah Rəsulundan (s) bir möcüzə göstərməsini istədilər. Bundan sonra Ayın iki dəfə iki yerə bölündüyünü göstərdi"".


Verilən məlumatlara görə, Qureyşli müşriklərin istəyindən sonra Ayı iki yerə ayıran Hz.Muhəmmədə (s) inkarçılar yenə də iman etməmişdilər. "Qəmər" surəsinin 2-ci və 3-cü ayələrində bu həqiqətə belə diqqət çəkilir:


"Əgər müşriklər bir möcüzə görsələr, üz döndərib: "Bu, uzun müddət davam edən bir sehrdir!" - deyərlər. Onlar təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır!" ("Qəmər" surəsi, 2-3).


Ancaq belə böyük bir möcüzə qarşısında deməyə söz tapa bilməyən müşriklər bu dəfə də Peyğəmbərimizin (s) onları sehrlədiyini söyləyərək ona böhtan atmışdılar. Ayın iki yerə ayrıldığını öz gözləri ilə görəndən sonra onlar Peyğəmbərimizin (s) vicdanən haqq peyğəmbər olduğu qənaətinə gəlməkdənsə, təkəbbürləri, ehtiras və qürurları üzündən Allahın ayələrini qəbul etmədilər. Bu isə hansı möcüzəni görsələr də iman gətirməyənlərin və Quranın: "...Gözümüz bağlanmış, biz sehrlənmişik", - deyərlər" ("Hicr" surəsi, 15) ayəsində bildirilən kafirlərin müştərək xüsusiyyətidir.


İslam alimləri də öz əsərlərində Ayın yarılması möcüzəsindən bəhs etmişlər. Alimlərdən biri əsərində bu hadisənin bir çox səhabədən də müfəssəl və ətraflı surətdə xəbər verildiyini və müşriklərin bu hadisə qarşısında nə qədər aciz duruma düşdüklərini belə bildirmişdir:
"Rəsulullahın (s) mutəvatir (ən etibarlı) və ən böyük möcüzəsi Ayın yarılmasıdır. Bəli, Ayın iki yerə ayrılması möcüzəsi müxtəlif yollarla mutəvatir xəbər qismində İbni Məsud, İbni Abbas, İbni Ömər, İmam Əli, Ənəs, Huzeyfə kimi bir çox böyük səhabələrə istinadən dəfələrlə qeyd edilməklə yanaşı, Quranın şübhələnməyə yer qoymayan hökmü olan "Saat (qiyamət saatı) yaxınlaşdı və Ay parçalandı" ayəsi həmin böyük möcüzəni aləmə elan etmişdir. Həmin vaxt inadkar Qureyş müşrikləri bu ayənin verdiyi xəbəri inkar etməyiblər, bəlkə "sehrdir" deyiblər. Deməli, Ayın yarılması kafirlər tərəfindən də qəti qəbul olunmuşdur".


Bəzi İslam alimləri Peyğəmbərimizin (s) möcüzələrinin bir hikmətinin də Əbu Cəhl kimi zalım bir insanla Əbu Bəkir kimi yüksək əxlaqlı bir insanın arasındakı fərqləri çox yaxşı şəkildə ortaya çıxarmaq olduğunu əsərində belə bildirmişdir:


"Möcüzə peyğəmbərlik vəzifəsinin sübutudur və inkar edənləri razı salmaq üçündür, məcbur etmək üçün deyil. Elə isə peyğəmbərlik xəbərini eşidənlər üçün onları razı salacaq mahiyyətdə möcüzə göstərmək lazımdır. Başqa yerlərə göstərmək və ya məcbur etmək dərəcəsində meydana gətirmək, Allahın hikmətinə zidd olduğu kimi dünyaya gəlib vəzifə sahibi olmağın sirrinə də müxalifdir. Çünki "Ağıla qapı açmaq ixtiyarını əlindən almamaq" təklifinin sirrini zəruri edir.


Əgər oxşarı olmayan şeyi yaradan Hökm sahibi Ayın iki yerə ayrılmasını filosofların həvəslərinə görə bütün aləmə göstərmək üçün bir-iki saat eləcə buraxsaydı və bəşərin ümumi tarixinə keçsəydi, həmin vaxt göy üzündə meydana gələn hadisələr kimi ya peyğəmbərliyin sübutuna dəlil olmazdı və Hz.Muhəmmədin (s) peyğəmbərlik xüsusiyyəti qalmazdı, ya da o qədər açıq olacaqdı ki, insan ağlını məcbur edəcək, ağlın düşünmək qabiliyyətini əlindən alacaq, istəsə də, istəməsə də peyğəmbərliyi təsdiq edəcəkdi. Əbu Cəhl kimi kömür ruhlu, Əbu Bəkir Sıddıq kimi almaz ruhlu adamlar eyni səviyyədə qalacaq, imtahan sirri aradan qalxacaqdı..."


Kainatdakı bütün varlıqlar və cisimlər kimi Rəbbimizin qüdrətində olan Ay da bizə Allahın istədiyi şəkildə görünə bilər. Bir şeyin baş verməsi üçün Quranda bildirildiyi kimi Allahın "Ol!" deməsi kifayət edir. Ayədə belə buyurulur:


"Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyruğu ona ancaq: "Ol!" - deməkdir. O da dərhal olar" ("Yasin" surəsi, 82).


Bütün bu bilgilər bir daha göstərir ki, Allah Öz müqəddəs elçisi olan Hz.Muhəmmədi (s) bütün insanlardan üstün edib, ona sonuncu haqq kitab olan Qurani-Kərimi vəhy edib, ona insanların ürəklərini yumşaldacaq və onların iman gətirməsinə vasitə olacaq möcüzələrlə böyük bir lütf və mərhəmət göstərib. Bəzi insanlar öz axirət həyatlarını xilas edəcək şəkildə imana qovuşub, bəziləri isə inkar etməkdə davam edərək sonsuz həyatlarında itkiyə və əzaba məruz qalanlardan olublar. Allah Peyğəmbərimizi (s) söylədiyi məsələlərdə həmişə haqlı çıxarıb.

Geri